8 mart – Beynəlxalq Qadınlar Gününə Azərbaycanda diqqət kifayət
qədər böyükdür, ölkəmizdə bu bayram xüsusi təmtəraqla qeyd olunur.
İdarə, təşkilat və müəssisələrdə bu məqsədlə tədbirlər təşkil
olunur, qadınlara hörmət və ehtiram nümayiş etdirilir. Dövlətimizin
başçısı cənab İlham Əliyev hər il bayram münasibətilə Azərbaycan
qadınlarına təbrik ünvanlayır, onların ölkəmizin inkişafında
xidmətlərini qeyd edir, bir qrupuna fəxri adlar verir, orden və
medallarla təltif edir. Bu, ölkə qadınlarına dövlət səviyyəsində
olan diqqət və qayğının əlamətidir. Ümumilikdə Prezidentin siyasi
fəaliyyətinin mühüm tərəfini qadınlar təşkil edir və onların
ölkəmizin ictimai-siyasi həyatında rolu durmadan artmaqdadır.
Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, tarixən milli dəyərlərdən, adət-ənənələrdən
irəli gələrək cəmiyyətimizdə qadına dərin hörmətlə yanaşılıb, ana
adı uca tutulub və müqəddəs hesab olunub: “Tarixin hər bir
səhifəsində qadınlarımızın xidmətlərinə, qəhrəmanlıqlarına,
dövlətçiliyimizin inkişafına verdiyi töhfələrə, yetirdiyi
övladların rəşadətinə, tərbiyə etdiyi oğul və qızlarının
vətənpərvərliyinə rast gəlmək mümkündür. Onlar ədəbiyyatımızın,
mədəniyyətimizin, incəsənətimizin, Ana dilimizin inkişafında
müstəsna xidmətlər göstəriblər. Tomris, Məhsəti, Sara xatun, Həcər,
Natəvan kimi analarımız Azərbaycan qadının şan-şöhrətini ucalara
qaldırıb və gələcək nəsillərə nümunə olublar. Hər zaman müqəddəs
ana şərəfini uca tutan Azərbaycan qadını öz mübarizliyi ilə
tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak
etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim
fədakarlıq nümayiş etdirməklə bərabər, döyüş meydanlarında da
şücaət göstərmişlər”.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasının Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulduğunu deyən AHİK sədri qeyd edib ki,
Ulu Öndər hər zaman qadın şəxsiyyətinə dərin hörmətlə yanaşırdı:
“Ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı,
onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar
yetişdirdi”.
“Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz
zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini
formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü
nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə
təmsil edir. Xeyirxah işləri ilə Azərbaycan qadını adını ucalara
qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm
də Azərbaycan qadınının uğurudur. Hər birimizi qürurlandırır ki,
Azərbaycan qadını bu gün UNESCO və ICESCO-nun xoşməramlı səfiridir.
Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə
aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə
bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər
tikilir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan
qadınının mərhəmət və xeyirxahlığına, zəngin mənəvi-intellektual və
yüksək əxlaqi dəyərlərinə fəxarətlə şahidlik edirik”, – Milli
Məclisin deputatı deyib.
S.Möhbalıyev vurğulayıb ki, istər Birinci Qarabağ müharibəsində,
istərsə də Vətən müharibəsində Azərbaycan qadını fədakarlıq və
şücaət nümayiş etdirdi: “Məhz onların vətənpərvərlik ruhunda
tərbiyə etdiyi qəhrəman oğullarımız zəfərimizin əsas təminatçısı
oldu. Qələbə istəyi ilə övladlarını işğal altında olan
torpaqlarımızı azad etməyə göndərən analar Vətən hissini hər şeydən
uca tutdular. Hətta şəhid balalarının cənazəsi qarşısında cəsarətlə
dayandılar, sınmadılar, hamısı “Vətən sağ olsun” deyərək başını dik
tutdu. Bax budur Azərbaycan qadınının fədakarlığı. Əziz
xanımlarımızı, o cümlədən şəhid anaları və xanımlarını,
qazilərimizin ömür-gün yoldaşlarını, həmçinin əsgər analarını 8
Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir,
onlara ən xoş və səmimi arzularımı çatdırıram”.