“Dövlət müstəqilliyinin bərpasının 30 ilini möhtəşəm uğurları
ilə arxada qoyan Azərbaycan digər sahələrdə olduğu kimi, qadın
hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması
sahəsində də əldə etdiyi təcrübə ilə nümunədir. Ölkəmizdə qadınlara
diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir və bu
sahədə təkmil qanunvericilik bazası mövcuddur. Müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev qadınların
ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində
irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi. Ümummilli Liderin
Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması
da Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyən
amillərdəndir. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini
bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin
bu istiqamətdə atdığı addımlar, qəbul olunan qanunlarda
təkmilləşmə, hədəflərin uğurlu icrasına xidmət edən Dövlət
proqramları, Fəaliyyət planları, Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan
təşəbbüsləri, həyata keçirdiyi layihələr dövlət qadın siyasətində
yeni bir mərhələnin təməlini qoyub. Bu sırada dövlət başçısı İlham
Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə ailə və uşaq
problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli
nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılan
hər bir addım Azərbaycanın bu gününə və gələcəyinə, kiçik dövlət
kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə,
qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın
çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini
vermələrinə yönəlib.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
Diqqəti ölkə Prezidenti İlham Əliyevin 8 Mart-Beynəlxalq
Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer
alan “Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal
iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə
nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə
var qüvvəsini səfərbər etdi” fikirlərinə yönəldən Vüqar Rəhimzadə
bildirib ki, tarixi Zəfərimizi şərtləndirən amillər sırasında əsas
yer tutan gənclərimizin torpaq, Vətən sevgisinin formalaşmasında,
onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında qadınlarımızın
rolu böyükdür: “Bu gün hər bir ana 30 il işğal altında qalan
torpaqlarımızın azad edilməsində, soydaşlarımızın doğma yurd-yuva
həsrətinə son qoyulmasında, Azərbaycan xalqının yenilməz, məğrur
xalq kimi dünyaya təqdimatında onların yetişdirdikləri vətənpərvər
oğulların öz payının, rolunun olmasından son dərəcə qürurludur.
Qanları, canları ilə tarix yazan, Azərbaycanı qalib ölkə kimi
şöhrətləndirən şəhidlərimizin həyat yolu hər bir Azərbaycan gənci
üçün vətənpərvərlik məktəbinə çevrilib. Qadınlarımızın bu əziz
bayramı günündə bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir,
onlara torpaq, Vətən sevgisini aşılayan analara minnətdarlığımızı
ifadə edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyev bütün çıxışlarında, müsahibələrində bu məqamı xüsusi qeyd
edir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları onun
Prezidentlik dövründə yetişən mübariz gənclikdir. Azərbaycan
qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil
44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın qəhrəmanlıq,
mübarizlik rəmzinə dönərək ona bəslənilən ümidləri tam
doğrultdu.”
YAP Xətai rayon təşkilatının sədri ölkəmizdə qadın hərəkatının
inkişafından geniş bəhs edərək vurğulayıb ki, Azərbaycan qadınları
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq
Cümhuriyyəti dövründə dünyada birincilər sırasında seçib-seçilmək
hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından
iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz
illərdən bəri formalaşmış milli dəyərlərimizə sadiq qalmaqla ana
dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı
olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə
malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin,
ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir
Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili
potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarlıqla xidmət
edirlər.
“Bu gün çoxşaxəli fəaliyyəti ilə ölkə və dünya qadınlarına
nümunə olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının
nüfuzunu daha da yüksəklərə qaldırır” söyləyən Vüqar Rəhimzadə qeyd
edib ki, birinci xanımın xeyriyyəçilik tədbirləri bir sıra
ölkələri, qitələri əhatə edir: “Heydər Əliyev Fondu uzun illərdir
ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli
nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada
Azərbaycanın təqdimatına, təbliğinə xidmət edir. Ölkənin Birinci
vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən
və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin
uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və
xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi
dəyərlərə malik olmasının bariz nümunəsidir.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət qadın
siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan
qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb: “Ölkəmizdə
gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun
yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan
qadınları mühüm dövlət strukturlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük
töhfələr verirlər. Ayrı-ayrı istiqamətlər üzrə statistik rəqəmlərə
diqqət yetirsək hər bir sahədə qadın fəallığının şahidi
olarıq.”
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, ölkənin
ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər
Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının 800
minə yaxın üzvünün böyük əksəriyyətini də qadınlar təşkil edir:
“Ümummilli Lider partiyanın I qurultayında bu çağırışı etmişdi ki,
qadınların və gənclərin YAP-da təmsilçiliyi yüksək olmalıdır. Təbii
ki, bu da ulu öndər Heydər Əliyevin qadınların ölkə həyatında fəal
iştirakına böyük önəm verməsindən irəli gəlirdi. Son 18 ildən artıq
dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam
etdirən Prezident İlham Əliyevin qadınların idarəetmədə,
bələdiyyələrdə və parlamentdə təmsilçiliklərinin artırılması ilə
bağlı çağırışları da diqqətçəkəndir. Ümumxalq səsverməsi yolu ilə
Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi,
vitse-prezidentlik institutunun yaradılması, ölkənin birinci xanımı
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin
edilməsi, həmçinin Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin
reallıqları əsasında keçirilən VII qurultayında partiya Sədrinin
Birinci müavini postunun yaradılması və Mehriban xanım Əliyevanın
bu vəzifəyə təyin edilməsi Azərbaycan qadınlarının
dövlətçiliyimizin inkişafında göstərdikləri fədakarlığın
nümunəsidir. Bu gün Azərbaycan qadını öz iradəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın
milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol
oynayır. Dövlət başçısı İlham Əliyev 8 Mart-Beynəlxalq Qadınlar
Günü münasibətilə təbrikində bu əminliyi ifadə etmişdir ki,
Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq
işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni
müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.”