Azərbaycan Prezidenti İlham Əliyevin Rize-Artvin hava limanının
açılışında iştirak etməsi çox mühüm bir hadisədir.
Bu barədə
Trend-in suallarını cavablandırarkən Türkiyə Böyük Millət
Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rizəyə gəlməsi
Türkiyə xalqında çox böyük həyəcan doğurdu.
“Lakin xalqı ən çox həyəcanlandıran Prezident İlham Əliyevin
açılış zamanı etdiyi çıxış idi. Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışında Türkiyə – Azərbaycan münasibətlərindən, iki ölkə
arasındakı dostluq, qardaşlıq münasibətlərindən, hər zaman xoş
gündə də, pis gündə də – daim həmrəy olunmasından bəhs etməsi bir
çoxları üçün mesaj oldu və Türkiyə xalqında böyük bir həyəcan
doğurdu. Həmçinin, Prezident İlham Əliyevin Rizenin bir cənnət
olduğunu ifadə etməsi böyük rəğbətlə qarşılandı”, -o deyib
Ş.Ayrım bu kimi səyahətlərin qarşılıqlı şəkildə gələcəkdə də
davam edə biləcəyini bildirib.
“Bu səyahət Türkiyə-Azərbaycan münasibətlərinin dünyada
bənzərsiz olduğunu bir daha sübut etdi. Vətəndaşlarımız, siyasi
xadimlərimiz, xalqlarımız bu münasibətləri daha da yüksək səviyyəyə
çatdırmaq üçün əlindən gələni etməlidir. Ölkələrimizin inkişafı və
rifahı üçün daim çalışmalıyıq”, – deyə o əlavə edib.