Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə tədbirləri və prinsipial mövqeyi beynəlxalq səviyyədə təqdir olunur

Xəbər - Alpər Ziya – Trend:

Azərbaycanın səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Artıq ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılıb. Elektron səhiyyə platforması, eləcə də dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanın təmin edilməsi istiqamətində çox ciddi işlər aparılır. Məhz bunun nəticəsidir ki, bu gün bir çox ölkələrin COVID-19 pandemiyası səbəbindən çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan bu pandemiyaya qarşı uğurlu mübarizə aparır.

Təsadüfi deyil ki, bu gün Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Ölkəmizin irəli sürdüyü təşəbbüslər (2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası), humanitar və maliyyə yardımları dünya dövlətləri və beynəlxalq qurumlar tərəfindən təqdir edilir və nümunə kimi göstərilir.

Bu baxımdan, Prezident İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətini xüsusi vurğulamaq lazımdır. Bilirsiniz ki, Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Dövlət başçısı bu müraciəti ilə bir daha həm Azərbaycanın pandemiya ilə qlobal mübarizədəki rolunu nümayiş etdirdi, həm də vaksinlərin dünya ölkələri arasında ədalət prinsipi ilə bölüşdürülməsinin vacibliyini qeyd etdi.

Azərbaycan Prezidenti vurğuladı ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Dövlət başçısı, həmçinin bildirdi ki, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir. “Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik” – deyə, dövlətimizin başçısı qeyd etdi.

Bu müraciətlə Azərbaycan peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsini yenidən gündəmə gətirdi. Təsüdüfi deyil ki, builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunmuşdu. Bu mənada, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Çünki bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. belə şəraitdə isə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

Bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb: “Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir”.

Azərbaycan Prezidentinin bütün bu mövqeyi və fikirlərinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən birmənalı şəkildə dəstək ifadə olundu. “Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam” –deyə, o, Azərbaycan Prezidenti ilə həmfikir olduğunu vurğuladı.

Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycanın pandemiya ilə mübarizə sahəsində həm yerli, həm də qlobal səviyyədə gördüyü işlərə beynəlxaq müstəvidə yüksək qiymət verilir.

Teqlər: