Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində

Prezident İlham Əliyevin çıxışını AZƏRTAC-a istinadla 50-yə yaxın ölkənin 75-dən çox informasiya resursu işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində yer almaqdadır.

Trend xəbər verir ki, konfransdan sonrakı bir həftə ərzində 50-yə yaxın ölkənin 75-dən çox informasiya resursu AZƏRTAC-a istinadla dövlətimizin başçısının çıxışından sitatlar verib, diqqəti Qarabağın bərpası prosesinə, Cənubi Qafqazda yaranmış yeni reallıqlara, regionun gələcəyinə dair baxışlara, Azərbaycanın qonşuları ilə münasibətlərinə və ümumilikdə beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlara yönəldib. Həmin materiallarda, həmçinin Ermənistanın müharibə cinayətlərinə, minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi ilə bağlı məsələlərə də toxunulub.

Mövzuya ən çox dost və qardaş ölkələrin KİV-lərində müraciət olunub və bu, təsadüfi deyil. Prezident İlham Əliyevin beynəlxalq konfransda söylədiyi “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır” fikri dost ölkənin media orqanlarının əsas xəbər başlığına çevrilib. “İl Giornale”, “Faro di Roma”, “Agenzia Nova” və “MSN Notizie” kimi populyar xəbər saytlarında yayılan informasiyalarda Azərbaycan Prezidentinin İtaliyanı yaxın dost və tərəfdaş ölkə kimi səciyyələndirməsi, iki ölkə arasında əməkdaşlığın müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçdiyi, qarşıda yeni tərəfdaşlıq imkanlarının açıldığı vurğulanır.

Qardaş Türkiyənin DHA və İHA xəbər agentlikləri, “Haber Global”, “Haber türk” telekanalları, “Sabah”, “Hürriyet” və digər qəzetləri də dövlətimizin başçısının çıxışındakı maraq doğuran fikirlərə geniş yer ayırıb. Xəbər və reportajlarda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransdakı çıxışı regiondakı mövcud vəziyyəti və perspektivləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir, yol xəritəsi təsiri bağışlayır.

Son bir neçə gündə ərəb ölkələrinin nüfuzlu media resursları – WAM, Petra, UNA, KUNA və digər saytlar, eləcə də Bolqarıstanın “FOCUS NEWS”, Pakistanın APP agentliyi və NHT xəbər portalı, Latın Amerikası ölkələrinin İnfogate, Telam agentlikləri, Kosta-Rikanın LA NACİON informasiya portalı beynəlxalq konfransda səsləndirilən önəmli fikirləri oxucuları ilə bölüşüblər. Materiallarda vurğulanır ki, Azərbaycan lideri regionda əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Prezident İlham Əliyev dünya siyasətində hökm sürən ikili standartlara qarşı çıxır, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir.


Xarici KİV-də yayılan xəbərlərdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqların işğaldan azad edilməsindən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətdən və maraq doğuran digər məsələlərdən bəhs olunur.

Bununla yanaşı, tanınmış xarici ekspertlər Azərbaycan Prezidentinin çıxışındakı bir sıra nüansları AZƏRTAC-ın xahişi ilə şərh edib, konfransda toxunulan məsələlərə münasibət bildiriblər. Məsələn, ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz, Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato, Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko, Kral I Xuan Karlos adına Universitetin hüquq professoru, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançes və başqaları AZƏRTAC-a müsahibələrində ADA Universitetində təşkil edilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb, tədbirin gedişində çox maraqlı diskussiyalar aparıldığını, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçıların bütün suallarına aydın və birmənalı cavablar verdiyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin çıxışına dair materiallar bundan əvvəl Türkiyənin Anadolu Ajansı, Yeni Haber, Sözcü, Demirören Haber Ajansı, Gazete Vatan, Yeni Şafak, Rusiyanın ТАСС, REGNUM, РИА Новости, Вестник Кавказа, Взгляд, News.ru, Lenta.ru, Коммерсант, Eurasia Daily, РБК, Федеральное Агенство Новостей, Life, RT, Известия, Вести, Независимая Газета, Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, GuildHall, 24tv.ua, News.ua, Espreso, Деловая Столица və digər KİV-lərində geniş işıqlandırılıb. Eləcə də yaxın qonşumuz olan Gürcüstanda böyük maraq doğuran konfrans barədə bu ölkənin report.ge, interpress.ge, 24news.ge, kvira.ge, aktual.ge, ghn.ge, accentnews.ge, 1tv.ge, KavkazPlu xəbər portallarında materiallar yerləşdirilib. Bolqarıstanın Focus-News, Livanın IMLebanon News, Misirin Aldiplomacy, Pakistanın Urdu Point, Hindistanın United News of India kimi media orqanları və digər ölkələrin xəbər portalları da aprelin 13-də keçirilmiş beynəlxalq konfransda Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayırıb. Bu ölkələrin və media resurslarının siyahısını xeyli uzatmaq olar.

Sözügedən media orqanları mövzunu AZƏRTAC-ın materiallarına istinadla işıqlandırmaqla yanaşı, agentliyin fotolarından da istifadə ediblər.

Teqlər: