Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür

Bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında danışıb.

“Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”, -deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: “Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.

Teqlər: