Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.
AzerTimes-ın məlumatına görə, bu barədə aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətində deyilir.
Prezident İlham Əliyev bildirib:
“Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.
Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.
Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.