Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfıra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr – quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlayıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, Azərbaycana qarşı bu düşmənçilik onlara çox baha başa gəldi.
“Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik, – deyə Azərbaycan Prezidenti bildirib.
Prezident deyib ki, indi məsələ Ermənistandan, onların davranışının və regional məsələlərə yanaşmasının necə olacağından asılıdır: “Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından”.