Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıq ölkələrimiz üçün unikal imkan formalaşdırıb.
Trend-in məlumatına görə, bunu Trend BİA-nın baş redaktoru Emin Əliyev “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa zamanı deyib.
“Ümid edirəm ki, bugünkü dəyirmi masa həm ölkələrimizin ikitərəfli münasibətlərinin perspektivlərinin müzakirəsi, həm də ötən il ərzində formalaşmış yeni reallığın Azərbaycana, Rusiyaya və bütöv regiona nə verə biləcəyi baxımından məhsuldar olacaq. Əlamətdardır ki, bugünkü tədbirimiz Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi ərəfəsində keçirilir, belə ki, məhz dövlətlərimizin şəxsiyyət amili son onilliklərdə Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında çox böyük rol oynayıb”, – deyə o bildirib.
E.Əliyevin sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin siyasəti sayəsində həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan regionun lideri qismində möhkəmlənib.
“Məhz İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin inkişafı prioritetlərinin vurğulanması siyasətinin təşəbbüsçüsü olub. Məhz İlham Əliyev makroiqtisadi siyasətdə işgüzar mühitədək müxtəlif istiqamətləri əhatə etmiş genişmiqyaslı islahatlar proqramını hazırlayıb. Bu amillər ölkəmizin iqtisadi gücünün təminatına çevrildi və işğal edilmiş ərazilərin azad edilməsində və regionumuzda yeni reallığın formalaşmasında əksini tapdı. Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq ölkələrimiz üçün unikal imkan formalaşdırıb. Biz uğurlu Azərbaycan-Rusiya əməkdaşlığı təcrübəsini bütün Cənubi Qafqaz regionuna tətbiq edə bilərik”, – E.Əliyev deyib.
O qeyd edib ki, Azərbaycan-Rusiya əməkdaşlığı bir sıra istiqamətlər üzrə dinamik inkişaf edir.
“Bu ilin 10 ayı ərzində bizim ticarət dövriyyəmiz 2,35 milyard dollardan çox olub. Bu, həm humanitar, sosial-iqtisadi, həm də Azərbaycanla Rusiyanın ayr-ayrı regionları arasında əməkdaşlıqdır. Biz görürük ki, post-sovet məkanında bir sıra mənfi trendlərə baxmayaraq, bu gün Azərbaycanda ənənəvi olaraq Rusiyaya, Rusiya xalqına dostluq münasibəti sərgilənir. Ölkəmizdə heç bir rusofobiya əlaməti yoxdur. Bu, şübhəsiz ki, post-sovet məkanında bir çox ölkə üçün aktual problemdir. Ümumilikdə, qeyd etmək olar ki, Qarabağ bölgəsində baş vermiş döyüş əməliyyatlarına, pandemiyaya üçüncü qüvvələrin səylərinə baxmayaraq, bizim münasibətlərimiz indi dinamik inkişaf mərhələsindən keçir. Bu inkişaf region üçün, sıx tarixi, mədəni əlaqələrə əsaslanan əməkdaşlığın nümunəsidir. Həm Azərbaycan, həm Rusiya, həm də bütün qonşularımız üçün böyük perspektivlərə malik uğurun nümunəsidir”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)