Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri Rusiya mediasının diqqət mərkəzindədir (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident
Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri bu ölkənin
mətbuat orqanlarının diqqət mərkəzindədir.

AzerTimes xəbər verir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində
Prezident Vladimir Putinlə apardığı danışıqlar, “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması, Rusiya
Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanışlıq və Rusiya
Hökumətinin sədri Mixail Mişustinlə görüşü Rusiya mediasında geniş
işıqlandırılıb.

“Rossiya-1” telekanalının “Vesti” proqramın Azərbaycan
Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin
Kremldə keçirilən görüşündən hazırladığı materialda bildirilir ki,
Bakı və Moskva arasında tərəfdaşlığın yeni səhifəsini açan görüş
iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü
ərəfəsində keçirilir. Süjetdə qeyd olunur ki, tərəflər mühüm
ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.
Azərbaycan Prezidentinin rusiyalı həmkarını Bakıya dəvət etdiyini
vurğulayan “Rossiya-1” kanalının müxbiri planlaşdırılan səfərin
əhəmiyyətinə diqqət çəkib.

Rusiyanın “Pervıy” telekanalı Azərbaycan Prezidentinin Moskvaya
səfərinin əhəmiyyətini xüsusi qeyd edib. Görüşdə Ukrayna ilə
yanaşı, Qarabağ ətrafında vəziyyətin də müzakirə edildiyinin qeyd
olunduğu süjetdə V.Putinin regionda vəziyyəti müsbət
qiymətləndirdiyi, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin
həllində Rusiyanın rolunu vurğuladığı əksini tapıb.

TASS agentliyi iki ölkə liderlərinin Moskva danışıqlarının
başlıca yekununun müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında
Bəyannamənin imzalanması olduğunu yazıb. Agentliyin materiallarında
bildirilir ki, Rusiya və Azərbaycan milli maraqlara cavab verən,
üçüncü tərəfə qarşı yönəlməyən hərbi-texniki sahədə də əməkdaşlığı
genişləndirmək niyyətindədirlər. TASS agentliyi Azərbaycan
Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri Mixail Mişustin
ilə görüşündən də geniş xəbər hazırlayıb. Görüşdə Azərbaycan ilə
Rusiya arasında mühüm strateji məsələlərə toxunulduğu diqqətə
çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın TASS agentliyinin
mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik
münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı
ekspozisiya ilə tanışlığı, eləcə də Rusiyanın aparıcı kütləvi
informasiya vasitələrinin rəhbərləri ilə görüşü barədə ətraflı
material təqdim olunub.

Rusiyanın digər aparıcı KİV-ləri, o cümlədən “RİA Novosti”,
“İnterfaks” agentlikləri, “İzvestiya”, “Kommersant” qəzetləri,
“News.ru” portalı, “Mir” telekanalı da oxucu və izləyicilərinə
Azərbaycan liderinin Moskva səfərinin əhəmiyyətindən bəhs edən
materiallar yayıb.

“Vestnik Kavkaza” agentliyi yazır ki, Azərbaycan ilə Rusiya
arasında imzalanan Moskva Bəyannaməsi çox böyük önəm kəsb edir.
Rusiya və Azərbaycan qarşılıqlı olaraq Cənubi Qafqazda etibarlı,
öhdəliklərini yerinə yetirən müttəfiqlər qazanıblar. Müttəfiqlik öz
milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib.
Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini
gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub.

Teqlər: