Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi – TAM MƏTN (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib.

Trend müsahibəni təqdim edir.

Müxbir: Hörmətli tamaşaçılar, “CNN Türk”dən salamlar. “CNN Türk” olaraq hazırda Azərbaycanda – Bakıdayıq və Qarabağ Zəfərindən sonra Azərbaycanda necə bir vəziyyət olacaq. Maraq doğuran bütün sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayacağıq.

Əvvəlcə ev sahibliyinizə görə çox təşəkkür edirəm, cənab Əliyev.

Prezident İlham Əliyev: Xoş gəldiniz.

-Xoş gördük. Qarabağ, əslində, 30 ildir işğal altında olan bir bölgə idi. Amma 30 ilin sonunda ilk dəfə həm Zəfər qazanıldı, həm də bu problemin həllinə çox yaxınlaşıldı. Siz bunu necə dəyərləndirirsiniz?

– Bu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.

– Barışmayacaq deyirsiniz, amma Ermənistan həmişə təcavüzkar mövqe sərgiləyib, yaşayış məntəqələrinə də atəş açması, əslində, Azərbaycanı eyni addımı atmağa təhrik edə bilərdi. Ancaq Azərbaycan çox səbirli, təmkinli münasibət göstərdi və eyni qarşılığı vermədi. Bununla bağlı Sizin mövqeyinizi bilmək istərdik.

– Doğrudur, yəni, müzakirə prosesi çərçivəsində də Ermənistan daim bizə qarşı hərbi təxribatlar, provokasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provakasiya törədilirdi, bizə, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra – sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun nəticəsində müharibənin ilk günündə bizdə mülki əhali və hərbçilər arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu.

İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə, – o qədər də böyük şəhər deyil, – 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində – ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik.

– Biz “CNN Türk” olaraq burada Şuşadan, Ağdamdan, Cəbrayıldan və digər rayonlardan olan insanlarla görüşdük. Hamısı illərdir yurd həsrətini qəlbində daşıyıb. Hamısı indi yenidən oralara getmək, öz yurdlarına, torpaqlarına geri qayıtmaq istəyirlər. Bu insanlar çox acılar çəkib. İnşallah, bundan sonra üzləri həmişə gülər, bir daha belə bir acı yaşamazlar. Siz bu barədə nə söyləmək istərdiniz?

– Əlbəttə ki, onların sevinci bizim sevincimizdir. Mənim üçün ən sevincli günlər onların sevincini görməkdir. Təbii ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Siz indi bölgələrə gedəcəksiniz, səfər edəcəksiniz, görəcəksiniz ki, Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər. Həmçinin Füzuli şəhəri də, digər şəhərlər və bütün kəndlər də. İnsanlar yüz kilometrlərlə yol qət edirlər və yol boyunca görür ki, sağ-sol, hər tərəf dağıdılıb, yəni, qayıtmağa yer yoxdur. Eyni zamanda, ermənilər orada yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra – 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri – yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır.

Biz indi o bölgələrə jurnalistləri, ictimai xadimləri, digər yerli və xarici vətəndaşları dəvət edirik və getməyə imkanlar yaradırıq. Eyni zamanda, o yerlərdə yaşamış insanları da yaxın gələcəkdə biz oraya aparacağıq ki, onlar o yerləri görsünlər. Ancaq qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq.

– İndi isə Ermənistanla bağlı sual vermək istəyirəm. Məğlubiyyətinə baxmayaraq, Nikol Paşinyan yenidən seçildi. Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq?

– Bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.

Ancaq Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi.

– Əslində, onların beş ildə işğal etdikləri torpaqları 44 gündə geri qaytardınız.

– Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görəcəksiniz. Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır.

– Mən onun haqqındakı fikirlərinizi də soruşacaqdım. Çünki Şuşa ilə bağlı atanızın xüsusi vəsiyyəti var idi.

– Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.

– Bir az əvvəl Zəngəzurdan bəhs etdiniz. Orada dəhlizin açılması, əslində, Türkiyə ilə iqtisadi əlaqələri də gücləndirə bilərmi?

– Əlbəttə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır.

Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik.

Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.

Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, – Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, – istifadə edə bilərlər.

– İndi başqa bir önəmli dəhliz də Laçın dəhlizidir. Belə bir iddia var, o iddianın doğruluğunu Sizdən soruşmaq istəyirəm. “Ermənistanın xarici işlər naziri Laçın dəhlizindəki əsgərləri Qarabağa göndərir” şəklində bir iddia var. Bu iddia doğrudurmu?

– Əlbəttə, bu, təəssüf ki, doğrudur. Bunu biz bu yaxınlarda təsbit etdik. Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açıqlama verdi ki, buna son qoyulsun. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.

Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində – iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır.

– İndi Cənubi Qafqazdakı vəziyyət də dəyişir. Bununla bağlı indi 3+3 formatı da müzakirə olunur. Siz buna necə baxırsınız?

– Mən müsbət baxıram. Mən əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.

– Mədəniyyətə də sahib çıxırsınız. Burada bir erməni kilsəsi var, heç toxunulmayıb, heç ziyan görməyib.

– Bəli, əksinə, biz onu təmir etdik. O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq.

– Hazırda Qarabağ Azərbaycan üçün və digər dövlətlər üçün əslində, çox önəmli bir mövqedədir. Bu yeni vəziyyətdə Rusiyadan bir gözləntiniz varmı? Bir də İran, Sizcə, bu vəziyyətin harasındadır?

– Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.

Xankəndidə Rusiyanın sülhməramlı missiyasının nəzarəti altında olan ərazi indi təhlükəsiz ərazidir. Eyni zamanda, bizim Ermənistanla sərhədimizdə də vəziyyət bəzən narahatlıq doğurur, amma ümumilikdə sabitdir. Ona görə, əlbəttə, biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, – onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, – buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar.

İranla bağlı verdiyiniz suala cavabım belədir ki, bu ölkədə indi yeni rəhbərlik hakimiyyətə gəlib. Onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Hələ ki, təyinatlar olmayıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik.

– İndi Rusiya ilə bağlı bəhs etdiyiniz məsələyə yenidən qayıtmaq istəyirəm. Əslində, İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsinin bir səbəbi də Azərbaycanın doğru mövqe nümayiş etdirməsidir. Son 30 il ərzində Azərbaycan, əslində, həm müdafiə potensialını və Ordusunun döyüş qabiliyyətini inkişaf etdirdi, həm də Ermənistan kimi yanlış bir mövqe nümayiş etdirmədi. Çox səbirli və təmkinli mövqe sərgilədi. Qələbənin qazanılmasında, əslində, bu amilin də təsiri olduğunu düşünürsünüzmü?

– Əlbəttə, burada bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilmərik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.

Əlbəttə, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq.

– Bəzi qətliamlarda xüsusilə elə hekayələr var ki, insanın canını incidir. Əslində, bu, insanlığa qarşıdır. Beynəlxalq hüququn müəyyən mənada Ermənistana qarşı münasibətdə tətbiq olunmaması bu problemin həll edilməməsinin səbəblərindən biri ola bilərmi?

– Burada təbii ki, ikili standartlar əsas rol oynayır, çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfra bərabər idi. Yəni, bizim səylərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında mühüm rol oynadı. Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik. Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır. Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi. Biz gecə-gündüz bu hədəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir.

– Bunlar hazırda Zəfərdən sonra həyata keçirməyi planlaşdırdıqlarınızdır. Türkiyə İkinci Qarabağ savaşında silahlı PUA-ları ilə birlikdə Azərbaycana dəstək oldu.

– Türkiyə təkcə silahlı PUA-ları ilə yox, hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Heç bir izahat, məntiqə əsaslanan hər hansı bir söz onların mövqeyinə təsir etmirdi. Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər, sanki biz işğalçıyıq. Mən isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT Nizamnaməsi bu hüququ bizə verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilib. Ancaq buna baxmayaraq, bizə qarşı çox çirkin şər-böhtan kampaniyası aparılırdı. Biz bilirik bunun arxasında kimlər dayanır. Ona görə Türkiyənin Cümhurbaşqanının və digər yüksəkvəzifəli şəxslərin – müdafiə, xarici işlər nazirlərinin, parlament sədrinin açıqlamaları, əlbəttə, bir çoxlarını çəkindirdi. Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz. Ancaq biz Türkiyədən təkcə silahlı PUA-lar deyil, başqa silahlar da almışdıq – “qasırğa”lar, hərbi maşınlar, “kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq.

– Əslində, belə bir həmrəylik oldu. Təəssüf ki, ötən günlərdə Türkiyədə şiddətli yanğınlar baş verdi. Yanğınlara qarşı Türkiyə Cümhuriyyəti ciddi mübarizə apardı. Əlbəttə, Azərbaycandan da çox gözəl dəstək gəldi. Belə təbii fəlakətlərdə və çətin zamanlarda iki dövlət arasında həmrəyliyin davam edəcəyini deyə bilərikmi?

-Əlbəttə, bu, təbiidir. Yəni, biz bunu dəfələrlə demişik. Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, işbirliyi və həmrəylik sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, türk xalqı bu günlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təəssüf ki, real həyatda özünü göstərmədi.

– İndi mən buradayam. Bir az əvvəl dediyiniz kimi. Özümü məmləkətimdə, dövlətimdəki kimi hiss edirəm. Amma diqqətimi çəkən çox gözəl bir məqam var. Hara getsək Azərbaycan bayrağının yanında Türkiyə bayrağını görürük və çox gözəl qarşılanırıq. Cənab Prezident, Siz bu mövzu haqqında nə düşünürsünüz? Burada necə bir yanaşma var? Mən burada gördüklərimdən çox məmnunam. Bu, nəyə əsaslanır? Kökümüzəmi? Kökümüz bir olduğu üçün belə davam edirik?

– Bilirsiniz, bu, bir günün hadisəsi deyil. Siz mənə söylədiniz ki, ilk dəfədir Azərbaycandasınız. Amma əvvəlki dövrlərdə də gəlsəydiniz, görərdiniz ki, bu, bizim üçün təbiidir. Biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik. Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yenə də deyirəm, biz öz ərazi bütövlüyümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Birliyimiz də əbədidir. Yeni nəsil, gənc nəsil, bax, sizin nəsliniz gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Ancaq siyasət elə bir sahədir ki, bunun üzərində hər gün çalışmalısan. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır.

– Bu gün atanız Heydər Əliyevdən də bəhs etdik. Heydər Əliyevi hörmət və rəhmətlə anmaq istəyirəm. Səmimiyyətlə, həddimi aşmıramsa, bir sual məni çox maraqlandırır. Son sualım. Zəfərdən sonra ritorik bir ifadəniz vardı: “Nə oldu Paşinyan?”. Tam səmimiyyətlə deyirəm, bu sözlər hamımızı həm çox sevindirdi, həm güldürdü, həm də duyğulandırdı. Çox gözəl bir ifadə idi. Bu, ictimaiyyətə etdiyiniz bir müraciət idi. Ancaq evdə, şəxsi həyatınızda bu sevinci necə yaşadınız?

– Bilirsiniz, o sözlər öz-özünə ortaya çıxdı.

– İçdən gəldiyi çox aydındır.

– Bəli, içdən gəldi. Çünki “Nə oldu Paşinyan?” sözlərini müharibədən sonra yox, müharibə dönəmində dedim və sonra, necə deyərlər, “mem” oldu. Əslində, mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!

Mən sizə deyim ki, müharibə bitəndən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin.

Təbii ki, biz sevinc içində idik. Hər gün həm sevincli, həm də kədərli anlar yaşayırdıq. Çünki müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, Ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər gün mənə verilən o məlumat, o raport bizim, necə deyərlər, içimizi yandırırdı. Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik.

Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik.

Müharibə dövründə mən dəfələrlə “Nə oldu, Paşinyan?” sözləri ilə bərabər deyirdim ki, Paşinyan özü mənə tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz müharibəni dayandırırıq. Belə də oldu, 9 noyabrda o tarixi verdi, 10 noyabrda gecə kapitulyasiya aktı, yəni, təslim aktı imzalandı. Biz dayandıq, yenə də sözümüzə əməl etdik və dərinə getmədik. Yəni, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətmədik, müharibəni ləyaqətlə apardıq, mülki şəxsləri vurmadıq. Hətta erməni əsgərlərini lazımsız yerə məhv etmədik. Müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun. Müharibədə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır. Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq.

– Cənab Prezident, ətraflı məlumata və mənə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkür edirəm.

– Sağ olun, sizə təşəkkür edirəm. “CNN Türk”ə də xüsusilə təşəkkür etmək istəyirəm. Çünki İkinci Qarabağ savaşında sizin müxbirləriniz ən qaynar nöqtələrdə idilər, atəş altında böyük fədakarlıqla, böyük sevgi və məhəbbətlə canlı reportajlar verirdilər. Deyə bilərəm ki, İkinci Qarabağ savaşında biz Türkiyə mətbuat nümayəndələrini özümüz üçün yenidən kəşf etdik.

– Allah bir daha acılar yaşatmasın. Amma nə olsa, yenə də yanınızda olacağıq. Bir daha təşəkkür edirəm, cənab Prezident.

– Sağ olun. Təşəkkür edirəm.

Teqlər: