Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi

Xəbər - Alpər Ziya – Trend:

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xüsusi vurğulanan məqamlardan biri də Ermənimstanın silahlandırılması məsələsi idi.

Müharibə bitib, region dövlətləri bölgədə üzunmüddətli və davamlı sülh, əminamanlıq yaratmaq üçün ciddi cəhdlər göstərirlər. Azərbaycanla yanaşı, Rusiya və Türkiyə də bu məsələdə olduqca ciddidir. Belə olan təqdirdə, Ermənistan niyə yenidən silahlanmaq istəyir və ya onu silahlandırmaqda maraqlı qüvvələr var?!

Təəssüf ki, müharibədəki ağır məğlubiyyətdən sonra bu ölkənin üzləşdiyi ağır problemdən revanşizm siyasəti ilə çıxmağın mümkün olacağını hələ də düşünənlər var.

Belə adamların əlinə təhlükəli silah vermək olarmı?

Məhz bu məsələ ilə bağlı Prezident İlham Əliyev mətbuat konfransında konkret iradə ortaya qoydu. Ermənistanın müdafiə nazirinin dediklərini xatırladaraq bildirdi ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək.

“Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın” – deyə, dövlət başçısı vurğuladı.

Bəli, Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi ərəfəsində Ermənistan Ordusunu tamamilə darmadağın etdi. Onların hərbi texnikaları, silah və sursatları məhv edildi və böyük bir qismi də hərbi qənimət kimi götürüldü. Azərbaycan Prezidentinin də bir neçə dəfə vurğuladığı kimi – biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik. Nəticədə, bu gün Ermənistan əliyalın qalıb, üzə çıxarası bir hərbi texnikası belə yoxdur. Elə bu səbəbdən də bu günlərdə – fevralın 21-25-də Əbu-Dabidə keçirilən “İDEX-2021” beynəlxalq hərb sənayesi sərgisində Ermənistanın stendi boş qaldı. Hər nə qədər bunu karqo gecikməsi ilə əlaqələndirsələr də ermənilərin əsl mahiyyəti bir daha buradan bütün dünyaya əyan oldu.

Ermənistan üçün səmərəli təkliflər

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də sözügedən mətbuat konfransında bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, Əbu-Dabidə IDEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı dərəcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi: “Bir tərəfdən onlar orada nə sərgiləyə bilərdilər, axı, onların hərbi sənayesi yoxdur. Lakin digər tərəfdən, onların orada stendi olması üçün, necə deyərlər, təlxəklik etmək və kiminsə dalınca qaçmaq nəyə lazım idi. Bütün dünya qarşısında biabır oldular. Deməli, hamı öz məhsulunu gətirib, Ermənistan stendində isə hansısa kitabçalar var. Axı, bu, biabırçılıqdır. Daha sonra bəyanat vermək ki, “İsgəndər” buraxılıb. Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir. Onlar “Skad”, “Toçka U” raketlərini yaşayış məntəqələrinə tuşlayırdılar, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib…”.

Beləliklə, bir daha aydın olur ki, Ermənistanın bugünkü hərbi sənayesi demək olar ki, yoxdur. Təbii ki, bunun fonunda bu ölkədə siyasi, sosial və iqtisadi böhran yaşanmaqdadır. Region dövlətləri bölgədəki sülh və sabitlik naminə məhz bu vəziyyətdən çıxması üçün Ermənistana çox səmərəli təkliflər irəli sürüblər: ərazi iddialarından əl çək, regionun kommunikasiya layihələrinə qoşul və öz iqtisadiyyatını özün bərpa et. Ermənistan nə edir? Gələcəyə baxmaq əvəzinə, hələ də keçmişin rüsvayçılıqları ilə əlləşir. Kütləvi surətdə olmasa da ölkədə hələ də revanşist fikirlərə düşən qüvvələr var. Bu qüvvələrə isə Azərbaycanın cavabı konkretdir…

Revanşist addımlara dərhal ciddi cavab veriləcək

Odur ki, məsələ ilə bağlı Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət edək: “Bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi. Ancaq biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.

Beləcə, Ermənistanın bundan sonrakı müqəddəratı məhz özünə bağlıdır. Onun-bunun ətəyindən yapışıb silah-sursat dilənməkdənsə, yenidən ordu qurmaq kimi xülyalara düşməkdənsə, region dövlətlərinə, xüsusən də Azərbaycana beyət etmək Ermənistan üçün ən doğru seçimdir. Ermənistanın 10 noyabr kapitulyasi aktını məcburən imzaladığı kimi, bu realıqla da barışacağı şübhəsizdir.

Teqlər: