Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Mən bu rəqəmləri sadalamaqla dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə gətirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.