Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. Ərazini təmizləyəndən sonra bununla paralel olaraq biz şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlayacağıq. Bu, böyük ərazidir, on min kvadratkilometrdən çoxdur. Bu ərazi ordumuz tərəfindən, Dağlıq Qarabağ münaqişəsinə son qoymuş Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 10 noyabr tarixli birgə Bəyanatı nəticəsində azad edilib. Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də, bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir. Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik”.