Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya 14 yanvar, bu ilin yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki ondan, o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz 14 yanvarda mənim bura gəlməyimin çox böyük rəmzi mənası var idi və ilk səfərimdə buraya gəldim və ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. İçəridəki Vaqifin barelyefini sökmüşdülər, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, bütün başqa azad edilmiş torpaqlarda biz bunun şahidiyik və məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif poeziya günlərinə start veririk. Vaqif poeziya günləri də bərpa edildi, Xarıbülbül festivalı da bərpa edildi, bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.
Şuşanın bərpası ilə bağlı ilk səfərim çərçivəsində bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu 14 yanvarda gördük. Biz Füzulidən haradasa iki yarım-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yüksəkgərginlikli xətlər Füzulidən gətirildi bura, yarımstansiya tikildi, yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı, Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı. Ermənilər tərəfindən gülləboran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu və dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra yenidən qonaqların üzünə öz qapılarını açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Yeni otel beşulduzlu otel olacaq. Orada 150 otaq olacaq, hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq olacaqdır, böyük konfrans zalı və tədbirlər üçün yerlər, beşulduzlu otel onun da yeri də seçildi mənim tərəfimdən, həmin yerdə mənfur düşmən dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdur və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.
Beş ulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi, deməli, Şuşanın Baş Planı əsasında inşa ediləcək. Şuşanın Baş Planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.
Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhərini ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.