Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
“Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik”.