Azərbaycan Prezidenti: Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir

Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər”.

Teqlər: