Bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır.
Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.
Digər vacib məsələ, – nə üçün biz hesab edirik ki, investorlar gələcək, – müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir – investisiya iqlimi, infrastruktur layihələri.
Həmçinin son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək.
Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir.
Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.
Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.
Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”.