Azərbaycan Prezidenti: Biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq

Beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. Ərazini təmizləyəndən sonra bununla paralel olaraq biz şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlayacağıq. Bu, böyük ərazidir, on min kvadratkilometrdən çoxdur. Bu ərazi Ordumuz tərəfindən, Dağlıq Qarabağ münaqişəsinə son qoymuş Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 10 noyabr tarixli birgə Bəyanatı nəticəsində azad edilib”.

Teqlər: