Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq

Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilmədi. Biz bu mərasimi Yeni Bulvarda keçiririk. Yeni Bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınmışdır. Yeni Bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, xalqa olan qayğını göstərirdi. Bu, yenilik idi, inkişaf idi, bu, bizim gücümüzün təzahürü idi. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi. Çünki bax, bu bulvarın ərsəyə gəlməsində, bunun təməlində Vətən sevgisidir. Çünki bu zona əvvəllər sənaye zonası idi və burada bir çox köhnəlmiş, sıradan çıxmış müəssisələr fəaliyyət göstərirdi. Bütün bu ərazi təmizləndi, yeni bulvar salındı. Sağ tərəfdə olan boş yer də təmizlənib sərəncama götürülüb”.

Teqlər: