Azərbaycan Prezidenti: Biz azad olunmuş ərazilərdə infrastrukturun inkişafında da Dünya Bankı ilə əməkdaşlığa güvənirik

Bu vaxta qədər Dünya Bankı ilə əməkdaşlıq çox uğurlu olub. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən bildirib.

Dünya Bankının TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyi dəstəyə görə xüsusi təşəkkürümü bildirən dövlətimizin başçısı deyib: “Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik”.

Prezident qeyd edib ki, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. “Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Teqlər: