Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni və strateji mərhələyə daxil olur

Uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamında qeyd edilir.

Bildirilir ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Teqlər: