Azərbaycan postmünaqişə dövründə qarşıya qoyulan məqsədlərə nail olub – Deputat

44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycanın
qarşısında dayanan prioritet məsələlərdən biri erməni vandalları
tərəfindən viran qoyulan ərazilərimizin bərpası idi. Hələ müharibə
başa çatmamış artıq Azərbaycan azad olunan ərazilərdə bərpa və
quruculuq işlərinə başlamışdı və qələbədən sonra bu işlər daha da
sürətləndi. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun
olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri
sistemli şəkildə və sürətlə davam etdirilir.

Bunu AzerTimes-a Milli
Məclisin deputat Afət Həsənova deyib.

Deputat bildirib ki, postmünaqişə dövrünün birinci ilinin
nəticələri deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr icra
edilib.

“Bərpa və yenidənqurma işlərinə başlamaq üçün isə ən vacib
məsələ ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin
edilməsi idi. Təəssüflər olsun ki, erməni vandalları işğal dövründə
ərazilərimizdə külli miqdarda minalar basdırıblar və həmin
minaların təmizlənməsi zaman və böyük əziyyət tələb edir. Zəfərdən
dərhal sonra Azərbaycan bu istiqamətdə çevik addımlar atmağa
başladı. Məlumatlara əsasən 10 noyabrdan bu günə qədər 25 min
hektardan çox ərazi minalardan təmizlənib, 55 mindən çox mina və
partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu il
daha çox ərazilərin minalardan ərazilərin minalardan təmizlənməsi
nəzərdə tutulur.

Belə ki, minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu
il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə
tutulub. Yeni texnikanın alınması təmin edilir, o cümlədən ən
müasir texnika, dronlar və digər müasir cihazlar alınır. ANAMA,
Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyindən
başqa prosesə yerli şirkətlər daha geniş miqyasda cəlb
olunmalıdırlar”, – deyə deputat bildirib.

O qeyd edib ki, minalardan təmizləmə ilə yanaşı işğaldan azad
edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri həyata
keçirilməkdədir.

“Bu günə qədər qarşıya qoyulan bütün vəzifələr uğurla icra
edilib və işlər sürətlə davam etməkdədir. Azərbaycan bu sahədə də
dünyaya bir nümunə göstərir və bütün bu işləri öz daxili imkanları
hesabına həyata keçirir. Azad edilmiş ərazilərimizdə həm yeni
yollar çəkilir, infrastruktur layihələri icra edilir, məktəblər,
xəstəxanalar, tikilir, “ağıllı kənd” layihəsi icra
olunmaqdadır.

Bu il Ağdam, Şuşa və Cəbrayılda məktəblərin inşasının başa
çatması nəzərdə tutulur, eyni zamanda dörd xəstəxana inşa edilir.
Şuşa şəhərində xəstəxanın bu il istismara verilməsi planlaşdırılır.
O cümlədən Ağdamda 210, Füzulidə isə 180 çarpayılıq xəstəxanaların
inşasına başlanılıb.

Bununla yanaşı azad edilən ərazilərdə 15 irimiqyaslı yol
infrastruktur layihəsi sürətlə həyata keçirilməkdədir.

Məlum olduğu kimi, artıq Zəfər yolu hazırdır. Digər
istiqamətlərdə də fəaliyyətlər davam edir. Dəmir yollarının
çəkilməsi, Zəngəzur dəhlizinin yaradılması, hava limanlarının
fəaliyyəti ilə əlaqədar işlər həyata keçirilməkdədir. Azərbaycan ən
qısa zamanda Füzuli hava limanını inşa edərək istismara verib, eyni
zamanda Zəngilan və Laçında hava limanlarının tikintisi
istiqamətində sürətli işlər görülür.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
bütün bu işlərin məqsədi öz doğma torpaqlarından didərgin düşmüş
insanlarımız üçün layiqli həyat səviyyəsi təmin etmək və o
əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirməkdir.
Azərbaycan bu istiqamətdə sürətlə irəliləyir”, – deyə deputat əlavə
edib.

Teqlər: