Azərbaycan postmüharibə dövründə də qarşıya qoyulan işləri reallaşdırmaq gücünə malikdir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ötən 17 il ərzində Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar qazanıb, iqtisadi inkişaf baxımından yüksək nəticələr əldə edib.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu uğurlar və yüksək iqtisadi göstəricilər 44 günlük Vətən müharibəsində əldə edilən qələbədə də əhəmiyyətli rol oynadı:

“Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən işlər zamanı da bu vaxta kimi qazandığımız uğurlar, iqtisadi nailiyyətlər öz sözünü deyir və deyəcək. Prezident İlham Əliyevin Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirdiyi kimi, biz bərpa işlərinə heç kimdən yardım gözləmədən start vermişik və bütün işlər plan üzrə gedir. Yəni, görünən odur ki, ölkəmiz müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də qarşıya qoyulan işləri reallaşdırmaq gücünə malikdir”.

Vüqar İskəndərov onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin görülməsi üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməlidir:

“Təəssüf ki, düşmən bu məsələdə də öz çirkin xislətindən əl çəkmir. Cənab Prezidentin bəyan etdiyi kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib. Lakin bu vaxta kimi bütün çətinliklərin öhdəcindən layiqincə gəldiyimiz kimi, bu problemi də tezliklə həll edə biləcəyik.

Dövlət başçısı sözügedən qəbulda problemin həlli yollarını göstərib. Qeyd olunduğu kimi, minalanmış sahələrin xəritələri Azərbaycan tərəfinə verilmədiyi üçün burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, özəl şirkətlər bu işlərə cəlb edilə bilər və cənab Prezidentin müvafiq göstərişinə əsasən artıq xarici şirkətlərlə danışıqlar gedir. Təbii ki, digər addımların atılması da nəzərdə tutulub”.

Teqlər: