Azərbaycan Televiziyası 2022-ci ilin daha bir yeni
layihəsinə start verir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, “Bir gün” adlı layihədə müxtəlif peşə sahiblərinin
bir günlük fəaliyyəti əks olunur.
Belə ki, bir sahə seçilir, o sahənin peşəkarı olan real bir şəxs
verilişin qəhrəmanı olur. Çəkiliş komandası isə onun səhərdən
axşama kimi bir günlük iş fəaliyyətini lentə alırlar. Beləcə,
tamaşaçı seçilən peşə sahibinin bir gündə hansı işlər gördüyündən
məlumatlı olur.
“Azərbaycantelefilm”in istehsalı olan “Bir gün” layihəsinin ilk
filmi kombaynla işləyən yeganə pambıqçı qadına həsr olunsa da,
sonradan pandemiya, həmçinin Vətən müharibəsinin başlaması
səbəbindən planda dəyişiklik edilib, layihənin silsilə şəkildə
yayımlanması ertələnib.
Azərbaycan polisinə həsr olunan film – “İsti izlərlə” isə artıq
hazırdır. Filmdə polis zabitinin bir günlük yaşamı lentə alınıb.
“İsti izlərlə”də polisin keçirilən əməliyyatlardakı peşəkar
fəaliyyəti ilə yanaşı, onun həm də bir insan olaraq keçirdiyi hiss
və həyacanı da əks olunub.
Layihənin müəllifi Elçin Musaoğlu, filmin operatoru Elxan
Rüstəmov, səs rejissoru Ceyhun Ağayev, prodüseri isə Fatimə
Əzimovadır.
Filmlərin silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulub.
“Bir gün: isti izlərlə” adlı film fevralın 23-ü saat 18:30-da
AzTV-də yayımlanacaq.