COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə dünyanın bir çox ölkələri arasında mövcud münasibətləri ağır sınağa çəkdi. İnkişaf etmiş ölkələrin və güc mərkəzlərinin uzun illər formalaşdırdığı dəyərlər sisteminə və təbliğ etdikləri ideyalara sarsıdıcı zərbə vurdu. Demokratiya, azadlıq, bərabərlik, insan haqları kimi fundamental anlayışlar dünyaya ortaq dəyər kimi təqdim olunsa da, pandemiya dövründə ciddi şübhə altına aldı. Bütün dünya gördü ki, Qərbin güc mərkəzi olan dövlətlər illər ərzində təsir mexanizmi kimi istifadə etdikləri bəşəri dəyərlərə özləri əməl etmirlər. Xüsusilə, belə bir çətin dövrdə beynəlxalq münasibətlərdə bəşəri dəyərləri əsas düstur qəbul edib, ona uyğun münasibətlərin tənzimlənməsi olduqca önəmli məsələdir. Bu xüsusda, cənab Prezident İlham Əliyevin təşəbbüskarlığı və beynəlxalq səviyyədə nümayiş etdirdiyi Liderliyi dünyanın bir çox ölkələri tərəfindən təqdir və hörmətlə qarşılanıb.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasının 3-cü komitəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması dünya ictimaiyyəti tərəfindən ölkə başçımıza göstərilən etimadın bariz nümunəsidir: “Beynəlxalq münasibətlər sistemində dünya sisteminin islahatlaşmasını özündə ehtiva edən bu qətnamə Azərbaycan tərəfindən təklif edilən yeganə təşəbbüs deyil. Bu istiqamətdə edilən Qoşulmama Hərəkatının 2020-ci ilin may Zirvə toplantısı, dekabr ayında BMT Baş Assambleyasının xüsusi sessiyası və ya bu ilin martında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal çıxışının təmin edilməsi” adlı qətnaməni də qeyd etmək olar. Bununlarla yanaşı, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub.
Eyni zamanda Azərbaycan peyvənd ayrıseçkiliyinə qarşı yalnız beynəlxalq siyasi platformalarda yox, həmçinin, əməli fəaliyyəti ilə də mübarizə aparır. Beləki, 30-dan çox ölkəyə maliyyə və humanitar yardımların edilməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım etməsi və ya 4 ölkəyə təmənnasız 150 min doza vaksin ianə olunması dövlətimizin rəhbər tutduğu bəşəri dəyərlərə əməl etdiyinin ən bariz örnəyidir”.
T. Cəfərova xüsusilə vurğulayıb ki, “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnaməyə dünyanın 126 BMT-yə üzv ölkəsi həmmüəllif kimi qoşulub: “Həmçinin,171 ölkənin qətnaməmin lehinə səs verməsilə yanaşı, heç bir ölkə əlehinə səs verməyib. Yalnız, 7 ölkə bitərəf mövqe nümayiş etdirib ki, bunlardan da biri Ermənistandır. Ermənisanın qlobal məsələlərdə müstəqil mövqe nümayiş etdirə bilməməsi bir dövlət kimi onun imicinə zərbə vurur.
Bir daha onu qeyd etməliyik ki, bilvasitə Azərbaycanın təşəbbüsü ilə qəbul olunan bu qətnamə ölkəmizin və onun Liderinin beynəlxalq müstəvidə artan nüfuzunun və təsir imkanlarının bariz göstəricisidir”.