Azərbaycan pavilyonu başa çatan “Dubay Ekspo 2020”nin ən baxımlı pavilyonları sırasında yer aldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində
“Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting
Minds, Creating the Future)
mövzusunda keçirilən “Ekspo 2020”
dünya sərgisi başa çatıb.

Trend xəbər verir ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla
iştirak edərək müxtəlif mükafatlara layiq görülən Azərbaycan
pavilyonu “Dubay Ekspo 2020”nin də ən çox ziyarət edilən və sevilən
pavilyonlarından oldu. Dünya ekspolarının 30 ilə yaxın müddətdə
qiymətləndirməsini aparan məşhur “EXHIBITOR” jurnalının ənənəvi
təşkil etdiyi müsabiqədə Azərbaycan pavilyonu “Ekspo 2020”nin “Ən
yaxşı orta ölçülü pavilyon” və “Mövzunu ən yaxşı çatdıran pavilyon”
nominasiyalarında mükafatlara layiq görülüb. Bundan əlavə, mili
pavilyonumuz ənənəvi olaraq hər eksponun sonunda ziyarətçilərin və
ekspo könüllülərinin ümumi səsverməsi ilə “Ən gözəl və baxımlı”
pavilyonlar sırasında yer alıb.

192 ölkənin iştirak etdiyi və 438 hektar ərazi ilə bugünə qədər
ən böyük dünya sərgisi olan “Dubay Ekspo 2020”yə 6 ayda 23
milyondan çox ziyarətçi gəlib. Heydər Əliyev Mərkəzinin
təşkilatçılığı ilə yaradılan milli pavilyonumuzda isə bu müddət
ərzində 2.5 milyon ziyarətçi olub. Hər bir ziyarətçi ölkəmiz
barədə-onun tarixi, müasir həyatı, turizm imkanları, işğaldan azad
olunan ərazilərimizdə həyatın canlanması barədə geniş məlumat alıb,
pavilyonumuzdan Azərbaycanın ən yaxın dostu olaraq müsbət
təəssüratlarla ayrılıb.

Ekspo sərgiləri həm də yeni əməkdaşlıqların qurulması baxımından
əhəmiyyət daşıyır. Bu mənada “Dubay Ekspo 2020” sərgisi ölkələr
arasında yeni əlaqələrin yaradılması istiqamətində geniş platforma
oldu, ölkəmizin tarixi, müasir həyatı, müxtəlif sahələr üzrə
nailiyyətləri təqdim edildi. Sərgi müddətində Azərbaycan
pavilyonunda dövlət və özəl qurumların müxtəlif təqdimatları təşkil
olundu, konfranslar, forumlar, konsert və mədəni proqramlar
keçirildi. Milli pavilyonumuz həm də müxtəlif ölkələrin rəsmi
nümayəndə heyətlərinin, dövlət və hökumət başçılarının ziyarət
etdiyi, mətbuat və sosial media platforma istifadəçilərinin ən çox
işıqlandırdığı məkan oldu. Milli pavilyonumuzda 6 ay ərzində
fəaliyyət göstərən komandanın peşəkarlığı yüksək qiymətləndirilib
və xüsusi mükafatla təltif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən,
Azərbaycan “Dubay Ekspo 2020” sərgisində milli pavilyonun
tikintisinə başlayan ilk ölkələrdən olub. Birinci vitse-prezident
Mehriban Əliyevanın daimi diqqət və nəzarəti ilə ərsəyə gələn milli
pavilyonda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və digər
sahələri xüsusi dizayn və konsepsiya üzrə təqdim edilib.

“Dubay Ekspo 2020”dəki pavilyonlar innovasiyalar, texnoloji
nailiyyətlərin yaratdığı üstünlüklərin nümayişi üzərində qurulsa
da, Azərbaycan pavilyonu öz tematik konsepsiyası ilə insan amilinin
bütün bunların fövqündə olduğunu, yalnız insan kapitalının inkişafı
ilə dayanıqlı gələcəyə nail olmağın mümkünlüyünü nümayiş
etdirdi.

“Ekspo 2020”də milli pavilyonun yaradılması və ölkəmizin
təmsilçiliyi ilə son dövrlərin ən uğurlu layihələrindən birini
həyata keçirən Azərbaycan hazırda 2025-ci ildə Osakada təşkil
ediləcək növbəti dünya sərgisinə hazırlaşır.

Teqlər: