2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən bir il ötür. Ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis fəaliyyətini əvvəlki dövrlərdə formalaşmış parlamentarizm ənənələri üzərində qurub, ali qanunvericilik orqanı kimi üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, milli qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı tarixi yolu bu gün uğurla davam etdirən Azərbaycan Parlamenti ölkəmizin tərəqqisini, vətəndaşların rifahının yüksəldilməsini diqqət mərkəzində saxlayıb, ölkədə və dünyada baş verən proseslərə uyğun olaraq qanunlar qəbul edib:
“Dövrün, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurumun dövlətimizin strateji xəttilə bağlı bütün məsələlərdə Prezident İlham Əliyevin proqram xarakterli tövsiyələrini əsas götürüb. İnsan amilinə söykənən dövlət siyasəti, əhalinin sosial rifahı ölkənin qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanının qanunvericilikdə diqqət mərkəzində saxladığı məsələlərin önündə gəlib.
Dünyanın başı üzərinə qara bulud kimi çökən koronavirus pandemiyası dövründə də, Azərbaycanın 44 günlük haqq savaşında da Milli Məclisin fəaliyyəti ilk növbədə insanların təhlükəsiz, əmin-amanlıq şəraitində demokratik, azad həyat tərzinin təmin olunmasına yönəldildi.
Xalqımızın suveren iradəsini ifadə edən Azərbaycan Parlamenti zamanın tələbinə uyğun qərarlara imza ataraq ölkəmizin tərəqqisi, inkişafı yolunda uğurla fəaliyyətini davam etdirir”.