Azərbaycan pandemiyaya müqavimət göstərməsi səyləri ilə fəxr edə bilər – Ariel Universitetinin rektoru (FOTO/VİDEO)

Azərbaycan COVID-19 pandemiyasına necə müqavimət göstərə bildiyi
ilə fəxr edə bilər.

Bunu AzerTimes-a özəl müsahibəsində Azərbaycanda səfərdə olan Ariel
Universitetinin (İsrail) rektoru, molekulyar biologiya
kafedrasının, doktor Miriam və Şeldon Adelsonlar adına Tibb
Məktəbinin professoru Albert Pinxasov deyib.

“Səfərimin əsas məqsədi COVID-19 pandemiyası, onun nəticələri,
post-COVID fəsadları, eləcə də bu virusun gələcək nəsillərə təsiri
ilə bağlı konfransda iştirak etməkdir. Bu, mənim Azərbaycana ilk
səfərimdir. Üç ilə yaxındır ki, elmi ictimaiyyətlə onlayn
görüşlərdən sonra beynəlxalq konfransda iştirak etmək çox xoşdur.
İndi bizim şəxsən görüşmək, fikir mübadiləsi aparmaq imkanımız var.
Konfrans çox yüksək səviyyədə təşkil olunub, bir çox ölkələrdən
iştirakçılar qatılıb. Konfransı təşkil etemiş professor Vüqar
Əliyevi xüsusi qeyd etmək lazımdır. Mən pandemiya dövründə
xəstələrin müalicəsi üçün dayaq məntəqələrindən olmuş Quba
şəhərinin mərkəzi xəstəxanasında oldum. Həkimlərin bu virusla
mübaizəsində nümayiş etdirdiyi peşəkarlıq məni heyrətləndirib.
Azərbaycan pandemiyaya qarşı necə müqavimət göstərə bildiyi ilə
fəxr edə bilər”, – deyə o bildirib.

A.Pinxasov vurğulayıb ki, Azərbaycan və İsrail səhiyyənin
inkişafı konsepsiyası baxımından çox oxşardır.

“Konfransın məqsədlərindən biri də atılan addımları mümkün qədər
sinxronlaşdırmaq, toplanmış təcrübəni mübadilə etmək idi. İstər
Azərbaycanda, istərsə də İsraildə “böyük data” deyilən iri həcmdə
məlumatlar toplanıb ki, biz bunun əsasında həm də məlumatları birgə
təhlil edə biləcəyik. Biz, həmçinin COVID-19 peyvəndlərinin
müxtəlif əhali qruplarına təsirini öyrənmək üçün birgə işləyə
bilərik. İsrail və Azərbaycanın elmi ictimaiyyətləri arasında daha
irimiqyaslı əməkdaşlıq baxımından biz texnologiya transferi,
kibertəhlükəsizlik, fərdiləşdirilmiş səhiyyə, kvant fizikası və
digər sahələrdə əlaqələrin gücləndirilməsini istərdik. Biz fəxr
edirik ki, İsraillə Azərbaycan arasında münasibətlər daha da
güclənir. Ölkələrimiz arasında birgə platformaların yaradılmasından
çox məmnunuq. Onlardan biri də Lev Spivakın rəhbərlik etdiyi “Azİz”
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasıdır. Onun dəstəyi
sayəsində biz Azərbaycanı, burada yaşayan və işləyən insanları daha
yaxından tanıdıq. 30 ildir ki, Azərbaycanla İsrail arasında çox
yaxşı münasibətlər qurulub. Təkcə aprel ayında İsrailin maliyyə
naziri Aviqdor Liberman və turizm naziri Yoel Razvozov Azərbaycana
səfər ediblər. Bu, ölkələr arasında münasibətlərin daha da
gücləndiyini göstərir. Azərbaycana səfərimin məqsədlərindən biri də
elmi sahədə əməkdaşlığı necə gücləndirə biləcəyimizi görməkdir.
Akademik və elmi sahələrdə, tibb və fundamental elmlər sahələrində
əməkdaşlığı gücləndirmək istərdim. Ölkələrimizin bir-birindən
öyrənə biləcəyi çox şey var”, – professor deyib.

Onun sözlərinə görə, konfransda, həmçinin COVID-19-a qarşı
vaksinlərin təsiri də müzakirə olunub.

“Bəşəriyyət tarixində ilk dəfə olaraq bu qədər sayda əhali
peyvənd olunub. Bundan başqa, ilk dəfə olaraq biz yeni nəsil
vaksinlərdən istifadə etdik. Dünyada bu peyvəndlərin insanlara necə
təsir etdiyi barədə hələ kifayət qədər məlumat yığılmayıb. Bir neçə
il əvvəl biz yeni nəsil vaksinlərin ola biləcəyindən, belə qısa
müddət ərzində ənənəvi peyvəndlərdən fərqli konsepsiya ilə
peyvəndlər hazırlayıb sintez edə biləcəyimizi düşünə bilməzdik.
Artıq müxtəlif klinik sınaqlar aparılır. Əsas diqqət insanlar üçün
ən az riski olan peyvəndlərin istifadəsinə verilməlidir. Pandemiya
bizə çox şey öyrətdi. Artıq dünya həm tibb sahəsində, həm də elmi
sahədə dəyişib, ümumiyyətlə, insanlar arasında, ölkələr arasında
münasibətlər dəyişib. Mən həqiqətən ümid edirəm ki, gələcəyin
səhiyyəsi ölkələr arasında daha çox sinxronlaşdırılacaq, daha
təhlükəsiz olacaq. Biz fərdiləşdirilmiş səhiyyə və daha təhlükəsiz
peyvəndlərin istifadəsi dövrünə gedirik, bunların, insanlara
uyğunlaşdırılması, fərdiləşdirilməsi çox vacibdir”, – o qeyd
edib.

A.Pinhasov vurğulayıb ki, dünya hətta bir neçə ay əvvəllə
müqayisədə xeyli irəliləyib.

“Konfransın artıq üzbəüz rejimdə keçirilməsinin özü onu göstərir
ki, biz pandemiya ilə necə mübarizə aparacağımızı artıq öyrənmişik.
Təbii ki, insanların koronavirusun yeni ştamlarına yoluxması daha
yüngül olduğundan, dünyadakı vəziyyət yaxşılaşıb”, – deyə o,
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: