Xəbər - Elçin Mehdiyev – Trend:
Koronavirus pandemiyası hələ də dünya qarşısında duran əsas
çağırışlardan biridir. Azərbaycan ilk gündən pandemiya ilə effektiv
şəkildə mübarizə aparan ölkələr sırasındadır. Azərbaycan təkcə
yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də pandemiya ilə
effektiv mübarizəyə mühüm töhfələr verib.
Milli Məclisin deputatı Sevinc Hüseynova
AzerTimes-ın sualına
cavabında bildirib ki, Qoşulmama Hərəkatının və Hərəkatın sədri
kimi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü çoxsaylı
təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv
təşkili baxımından böyük əhəmiyyətə malikdir.
Deputat qeyd edib ki, bəşəriyyəti cənginə almış COVİD 19
pandemiyasında müəyyən səngimələr olsa da, bu sahədə səmərəli
mübarizə aparılsa da, hələ də bəzi ciddi problemlər öz həllini
tapmayıb.
“Bu baxımdan, BMT Baş Assambleyasının universal peyvənddirmə
üçün səylərin artırılması mövzusunda yüksək səviyyəli tematik
müzakirələri xüsusi əhəmiyyət kəsb edir. Həmin tədbirdə Azərbaycan
Prezidenti İlham Əliyev həm milli konteks, həm də dünyada ikinci
böyük təşkilat olan Qoşulmama Hərəkatına daxil olan ölkələr adından
video formatda çıxış edib.
Azərbaycan pandemiya ilə mübarizədə dünyada effektiv nəticələri
ilə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasındadır. Hətta bəzi
inkişaf etmiş ölkələr koronavirus pandemiyasında mübarizədə
Azərbaycan təcrübəsini nümunə kimi qəbul ediblər. Digər tərəfdən,
Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən
dövrdə qarşılıqlı həmrəylik və əməkdaşlıq ruhunda beynəlxalq
ictimaiyyətin səylərini səfərbər edərək pandemiya ilə mübarizə və
onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra
uğurlu təşəbbüslər irəli sürüb.
Elə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasında COVİD 19
pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın
keçirilməsi, habelə ötən il mart və dekabr aylarında BMT İnsan
Hüquqları Şurası və Baş Assambleya tərəfindən bütün ölkələrin
peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı
qətnamələrin qəbul edilməsi məhz Azərbaycan Prezidenti tərəfindən
Qoşulmama hərəkatına üzv dövlətlər adından irəli sürülüb.
Bununla yanaşı, həmrəylik əlaməti olaraq, koronavirusla
mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya
Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar
yardım edib. 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam
etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə
təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam
edir”, – deyə deputat bildirib.
Milli Məclisin deputatı Cavid Osmanov isə
AzerTimes-a açıqlamasında
bildirib ki, BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün
səylərin artırılması” mövzusunda keçirilən yüksək səviyyəli tematik
müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama
Hərəkatının sədri İlham Əliyev pandemiya dövründə BMT, Qoşulmama
Hərəkatı və Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli
faəliyyətinə ümumi nəzər salıb, Azərbaycan dövlətinin təşəbbüsləri
haqqında geniş məlumat verib.
“Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı
multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq
ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə
mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından
bir sıra uğurlu təşəbbüslər irəli sürüb.
2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının
keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan
Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş
“COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin
edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər
adından irəli sürülüb. Pandemiya ilə qlobal mübarizə, onun nəzarət
altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə
dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində
BMT sisteminin fundamental rolu var. Bu işlərdə Ümumdünya Səhiyyə
Təşkilatının isə səyləri əvəzolunmazdır”, – deyə deputat
bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan dövlətinin həm ölkə miqyasında, həm də beynəlxalq
miqyasda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
“Ölkə başçısının təşəbbüsləri dünya miqyasında böyük maraqla
qarşılanıb və müasir dövrün çağırışlarına tamamilə adekvat olduğu
üçün ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilib. Azərbaycan Prezidenti pandemiya dövründə yaranan bir sıra
problemləri beynəlxalq tribunalardan dəfələrlə səsləndirib və
peyvəndlərin ədalətsiz bölgüsü hallarına qarşı xüsusilə diqqət
çəkib.
Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən
istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin
gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış
edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən
bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr
bunun bariz nümunəsidir”, – deyə deputat əlavə edib.