Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Ticarətin İnkişafı Qurumunun katibi Əhsən Əli Manqi ilə görüşüb.
Səfirlikdən AzerTimes-a verilən məlumata görə, ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasından məmnunluqla bəhs edən səfir Xəzər Fərhadov iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan və Pakistanın aidiyyəti qurumları arasında baxılmaqda olan Preferensial Ticarət Sazişinə toxunub və bu sazişin iki ölkə arasında ticarət əlaqələrinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. O, həmçinin iş adamlarının qarşılıqlı səfərlərinin, eləcə də biznes forumların təşkilinin iqtisadi əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Pakistanın Ticarətin İnkişafı Qurumunun katibi Əhsən Əli Manqi səfir Xəzər Fərhadova ziyarətinə görə təşəkkürünü ifadə edib və Azərbaycan-Pakistan arasındakı səmimi münasibətlərdən söz açıb. İqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirən Ə.Ə.Manqi, Pakistanın Ticarətin İnkişafı Qurumu ilə AZPROMO arasında anlaşma memorandumu imzalandığını və həmin qurumla sıx təmasda olduqlarını qeyd edib.
Görüş zamanı Azərbaycan-Pakistan Biznes Şurasının yaradılması, eləcə də hər iki ölkədə investisiya qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb.