Əsas səbəb odur ki, getdikcə vaxt daralır və Qarabağla bağlı problemlər tam şəkildə öz həllini tapsa, rus sülhməramlılara heç bir ehtiyac qalmayacaq.
Bu sözləri AzerTimes-a ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların məsuliyyət bölgəsindəki erməni terrorçuların fəallaşması, Rusiya Müdafiə Nazirliyinin isə baş verənləri görməzdən gələrək bilərəkdən Azərbaycanı ittiham etməsi haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Professor Rusiya ilə sülhməramlıların səlahiyyətlərinə dair müqavilənin imzalanmasının vacibliyindən bəhs edib:
“Əslində Rusiyanın əsas məqsədlərindən biri vasitəçilikdən daha çox Cənubi Qafqazda qalmaqdır. Açıq etiraf etmək lazımdır ki, Rusiya kimi ölkə ilə sülh barədə danışmaq çətin məsələdir. Əfsuslar olsun ki, bu reallıqdır və Azərbaycan dövləti də bunun üzərindən hərəkət edir. Çünki Rusiya hələ də keçmiş ambisiyalarından əl çəkməyib. Yəni Moskva bölgədə qalmaq üçün tərəflər arasında münasibətlərin normallaşdırılmasına köməkdən daha çox müxtəlif problemləri dərinləşdirməklə münaqişənin uzanmasına nail olmaq istəyir. Qarabağ Azərbaycan ərazisidir. Ölkəmizdə qalmağın yeganə yolu bəhanələr və haqsız ittihamlardır. Ona görə Rusiyanın Müdafiə Nazirliyi demək olar ki, hər gün Azərbaycanı öz ərazisi Qarabağda atəş açmaqda günahlandırır. Ancaq 10 noyabr Üçtərəfli bəyanatının dördüncü maddəsinə görə, rus sülhməramlıların yerləşdirilməsi ilə eyni vaxtda Qarabağdakı erməni silahlı birləşmələri və Ermənistanın hərbi birləşmələri oradan çıxarılmalı idi, lakin bunu etmədilər. 23 noyabrda Azərbaycan Müdafiə Nazirliyinin dəvəti ilə ölkə ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fateh Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov Sarıbaba yüksəkliyində minalanmış əraziyə baxış keçirdilər. Bu ərazidə Azərbaycan hərbçiləri 2021-ci ildə Ermənistanda istehsal olunmuş 350 ədəd minanı zərərsizləşdiriblər. Necə olur ki, Rusiya MN bunları görmür, gündəlik bülletenə salmır, amma hər gün haqsız yerə Azərbaycanı günahlandıran xəbərlər yayır? Azərbaycan Ordusu niyə öz ölkəsinin ərazisində atəş açmağa məcbur olsun? Demək ki, Ordumuzu buna vadar edən səbəblər var. Yəni Azərbaycan Silahlı Qüvvələrinə atəş açırlar, o da cavab verir. Atəş açan kimdir? Erməni terrorçuları, Azərbaycan ərazisində qanunsuz qalan Ermənistanın hərbi birləşmələri. Rus sülhməramlılar isə üç meymunu oynayırlar, onlara göz yumurlar. Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq, dövlət isə nota verməkdə çox haqlıdır. Bunlar mütəmadi xarakter daşımalıdır ki, sülhməramlılar orada özlərini özbaşına hiss etməsinlər. İkincisi isə Azərbaycan və Rusiya arasında rus sülhməramlıların qalma şərtlərini, fəaliyyət çərçivələrini müəyyən edən müqavilə imzalanmalıdır. Onlar sülhməramlı gücdür, özbaşlarına Azərbaycan ərazisində icazəsiz qərargah tikə bilməzlər. Ən yüksək səviyyədə çox ciddi xəbərdarlıq edilməlidir. Çünki həqiqətən də vəziyyət öz cığırından çıxıb”.