Azərbaycan ordusunun təminat qaydaları dəyişdirilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanun layihəsi hazırlanır.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.

Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: