Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başlayıb.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.
Döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərimizdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.
İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrinin qış mövsümünə hazırlığına və təminat təchizatına xüsusi diqqət yetirilir. Şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verəcək.
Qış istismar rejiminə keçidlə əlaqədar sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilir.
Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.
Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilir.