103 yaşını qeyd etdiyimiz Azərbaycan Ordusu bu gün hər bir azərbaycanlının qürur mənbəyi və təhlükəsizliyinin qarantıdır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı qüvvələrimiz 2020-ci il Vətən Müharibəsində qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı: “Azərbaycan Silhalı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi.
Prezident İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş taktikası nümayiş etdirərək əks-hücum əməliyyatları zamanı düşmən ordusunu darmadağın etdi. Silahlı Qüvvələrin müxtəlif növ qoşunlarının iştirakı ilə döyüş tapşırıqları yüksək dəqiqliklə yerinə yetirildi. Bu əməliyyatlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyətliyini, hazırlıq səviyyəsini, ən əsası isə vətənpərvər ruhunu göstərdi. Azərbaycan əsgəri artıq qalib əsgərdir!”.
Deputat qeyd edib ki, Azərbaycan Ordusu son onilliklərdə möhtəşəm inkişaf yolu keçib, onun maddi-texniki bazasının ən müasir hərbi texnika ilə gücləndirilməsi, hərbçilərinin peşə hazılığının müasir standartlara uyğun aparılması ərazi bütövlüyümüzün təmin olunmasını mümkün etdi: “Azərbaycan Ordusu yeni nəsil müharibə texnikasını uğurla tətbiq etməklə, “smart” silahlardan real döyüş meydanında istifadə etməklə, eyni zamanda, dünya hərb elminə yeni əsrin innovativ döyüş üsulunu təqdim etdi. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəmiz dünya hərbi mərkəzləri, aparıcı ölkələrin hərbi strukturları, eləcə də müvafiq təşkilatlar tərəfindən diqqətlə öyrənilir, müasir hərb tarixində uğurlu döyüş taktikası kimi qəbul edilir”.
S.Mikayılova vurğulayıb ki, Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü orduları sırasındadır: “Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarət olan Azərbaycan Ordusunun dinamik inkişaf tempi olduqca yüksəkdir.
Prezident İlham Əliyev cıxışlarının birində bildirib: “Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək”.
Eyni zamanda, dövlət başçısı ordunun gələcək təkmilləşdirilməsi üçün işlərin davam etdirləcəyini vurğulayıb. Atılacaq addımlar, təbii ki, daha çevik, daha döyüşkən və yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusunun yaranmasına gətirib çıxaracaq”.