Azərbaycan Ordusu tarix yazdı – Yücel Karauz

Azərbaycan Ordusu tarix yazdı – Yücel Karauz

Azərbaycan Silahlı Qüvvələrinin qurulmasından 104 il ötür. Bir ordunun tarixi nə qədər qədimdirsə, o dövlətin inkişafını, davamlılığı təmin etməsi, müstəqilliyini bərpa etməsi və qoruması o qədər asan olar.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Yücel Karauz Azərbaycan Ordusunun 1991-ci ilədək inkişaf tarixindən bəhs edib:

“Əsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman Korpusu öncə Zaqafqaziya Komissarlığının hərbi strukturu kimi fəaliyyət göstərib, daha sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun tarixli qərarı ilə sözügedən korpus Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. AXC dövründə də ordu quruculuğunda bir çox işlər görülsə də, müxtəlif səbəblərdən Ordu tam təkmilləşə bilmədi. Lakin bütün çatışmazlıqlara baxmayaraq, həmin o dövrdə də Azərbaycan Ordusu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğaldan azad edərək öz missiyasını tamamladı.

SSRİ zamanında isə tətbiq olunan qadağa və məhdudiyyətlər, eyni zamanda Azərbaycan vətəndaşlarının bilərəkdən daha çox qeyri-döyüş şəraitində xidmət göstərən hərbi hissələrdə xidmət keçməyə cəlb edilməsi 71 illik dövrü itirməyimizə səbəb oldu. Bu dövrdə ən önəmli uğur ümummilli lider Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyi açması olub”.

General Heydər Əliyev dövrünü Ordunun planlı inkişaf dövrü kimi dəyərləndirməyin mümkün olduğunu qeyd edib:

“1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyi zaman Silahlı Qüvvələrin təchizatı çox zəif idi, silah-sursat çatışmırdı, az qala beş nəfərə bir silah düşürdü, üstəlik, əldə olanlar da SSRİ-dən qalma köhnəlmiş sistemlər, texnika idi. Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Türkiyə ilə inteqrasiya yolunu seçdi. Əsrin Müqaviləsi imzalandıqdan sonra isə bütün milli imkanlar bu istiqamətə yönəldildi. Haqqında danışdığımız dövrü milli güc strukturunun inkişafı və Silahlı Qüvvələrin planlı inkişaf mərhələsinə keçid dövrü adlandırmaq olar”.

Yücel Karauz ordu quruculuğunun İlham Əliyevin strateji fəaliyyət istiqamətlərindən biri olduğunu, nəticədə İkinci Qarabağ müharibəsi zamanı əldə olunan Zəfərlə Azərbaycan Silahli Qüvvələrinin dünyanın ən güclü ordularından biri halına gəldiyini vurğulayıb:

“Ali Baş Komandan cənab İlham Əliyev isə 2003-cü ildən etibarən hakimiyyətə gəldikdən sonra dövlət işləri içərisində ilk növbədə ordu quruculuğuna daha çox diqqət ayırıb. Belə ki, daha müasir silah sistemləri alınmağa başladı, NATO ilə əməkdaşlıq çərçivəsində fərqli konsept və doktrinalarla Ordu özünü təkmilləşdirdi. 2010 və 2016-cı illərdə Türkiyə ilə imzalanmış yüksək səviyyəli hərbi müqavilələr ilə təlimlərdən, təhsildən müdafiə sənayesinə qədər geniş sahələrdə böyük nailiyyətlər əldə edildi, nəticədə gecə-gündüz, bütün iqlim və relyef formalarında hərəkət edə bilən ordu meydana gəldi. Bəhs etdiyimiz dövrün ən böyük hadisəsi 2016-cı il aprel döyüşləridir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun qarşısını kəsməyin qeyri-mümkün olduğunu göstərdi. İkinci Qarabağ müharibəsi dövründə isə Azərbaycan müasir texnika və sursatlardan istifadə etməklə, xalqı, dövləti və Ordusu ilə birlikdə 28 illik həsrətə son qoyub. Tətbiq olunan doktrinalar, hərəkatın qısa müddətdə və minimum itki ilə hüquqa uyğun şəkildə kitablara düşən qəhrəmanlıq və cəsarətlə həyata keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin bölgənin ən güclü Ordusu olduğunu bir daha sübut etdi. Zəfər paradından sonra İlham Əliyevin qarşıya qoyduğu hədəflər çərçivəsində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan ən yaxın strateji müttəfiqə çevrilib və beynəlxalq risklərin və təhdidlərin artdığı bir şəraitdə dövrün tələblərinə uyğun şəkildə Milli Müdafiə Universitetinin qurulması, Quru Qoşunlarının yaradılması və komando briqadalarının formalaşdırılması ilə Azərbaycan Silahlı Qüvvələri özünü yenilədi. İnkişaf yenə davam edir. Dolayısı ilə son 31 ildə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50-ci ordusu halına gəlib. Dünya dövlətləri göz önünə alındığında ordu quruculuğunun o qədər asan olmadığını görürük.

Sonda 1988-ci ildən bəri, eyni zamanda yalnız Azərbaycanın deyil, türk dünyasının qızıl səhifələrindən olan Zəfərlə bitən İkinci Qarabağ müharibəsində canını Vətən üçün fəda edən şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm. Eşq olsun rəşadətli və müzəffər Azərbaycan Ordusuna, xalqına və Ali Baş Komandana! Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Qarabağ Azərbaycandır!”

Teqlər: