“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 30 illiyi qeyd olunub (VİDEO)

Müdafiə Nazirliyinin orqanı “Azərbaycan Ordusu” qəzetinin 30
illiyinə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi,
fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı
məlumat verərək, qəzetin yaranma günü münasibətilə bütün
əməkdaşları təbrik ediblər.

Qeyd edilib ki, 30 illiyi qeyd edilən, Azərbaycanın mətbuat
məkanında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu”
qəzeti, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən
sonra ilk hərbi mətbuat orqanı kimi “Xalq Ordusu” adıyla 1992-ci
ilin fevral ayının 11-də çap olunmağa başlayıb. Azərbaycan
Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək
səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada
ictimaiyyətə çatdırılmasında qəzetin rolu barədə ətraflı məlumat
verilib.
Bildirilib ki, “Azərbaycan Ordusu” qəzeti yarandığı gündən cəbhədə
baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci ilin
27 sentyabrında başlayan Vətən müharibəsi “Azərbaycan Ordusu”
qəzetinin də tarixində mühüm bir mərhələ olub. Qəzetin əməkdaşları
döyüşlərin getdiyi bütün istiqamətlərdə gündəlik səyyar qəzetlərin
– “Sən qalib gələcəksən”, “Qalibiyyət döyüşü” və “Qələbə uğrunda”
adları altında hazırlanmasına və çap olunmasına cəlb ediliblər.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra “Azərbaycan Ordusu”
qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq Sərəncamı ilə “Hərbi xidmətlərə görə”
medalına və Müdafiə nazirinin “Hərbi xidmətdə fərqlənməyə görə”
3-cü dərəcəli medalına layiq görülməsi tədbir iştirakçılarının
diqqətinə çatdırılıb.
Sonda redaksiyanın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə
seçilən əməkdaşları təltif olunublar.

Teqlər: