Vətən Müharibəsinə qədər ərazi bütövlüyümüzün bərpa olunması Azərbaycan dövlətinin gündəliyində duran əsas məsələ idi. Buna nail olmaq üçün Prezident İlham Əliyev beynəlxalq müstəvidə ardıcıl, məqsədyönlü fəaliyyət həyata keçirir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Belə qətiyyətli siyasətin nəticəsində də münaqişənin həlli üçün əlverişli hüquqi zəmin formalaşmışdı.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən Müharibəsində Azərbaycan işğalçı Ermənistanla müqayisədə hər cəhətdən üstün olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimiz 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş əməliyyatları ilə bağlı verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərək işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu və beləliklə də, ölkəmizin ərazi bütövlüyü demək olar ki, təmin olundu.
Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev bildirib ki, bu döyüşlər zamanı Azərbaycan ordusu sürətli hərbi taktikalar həyata keçirdi və hərb tarixinə yeniliklər gətirdi:
“Vətən Müharibəsində Azərbaycan hərb meydanında mübarizə aparsa da, düşmən əsl məkrli simasını göstərərək dinc sakinlərimizə qarşı cinayətlər törətdilər. Bunla da onlar yenidən öz məkrli, qərəzli simalarını bir daha nümayiş etdirdilər. Bir sözlə, təkrar hərbi cinayətlər törətdilər.
Döyüş bölgəsindən uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Naftalan, Tərtər, Bərdə, Goranboy rayon və şəhərlərimizə qarşı uzaqmənzilli raketlər atdılar və çoxlu sayda dinc sakinlərimiz şəhid oldu.
44 günlük Vətən Müharibəsinin gedişində baş verən hərbi cinayətləri canlı görmək üçün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, hərbi ataşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin hadisə yerlərinə səfərləri təşkil edildi. Bu qəbildən səfərlər davam edir və ermənilərin törətdikləri hərbi cinayətlərin, terror aktlarının canlı izlənilməsi üçün şərait yaradılır. Azərbaycana qarşı törədilmiş, bu hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vacib addımdır”.
Millət vəkili vurğulayıb ki, məsələn, İtaliya nümayəndə heyətinin tərkibində olan millət vəkillərindən birinin Gəncədə ermənilər tərəfindən terror törədilmiş əraziyə səfərindən sonra etdiyi paylaşımı və o paylaşıma yazılan şərhlər, onu deməyə əsas verir ki, həqiqətən bu cür səfərlər ermənilərin içüzünün tanıdılmasında çox müsbət rol oynayır”.
Millət vəkili qeyd edib ki, regionda uzunmüddətli sülhə nail olunsa belə, biz tariximizi unutmamalıyıq:
“Ermənilərin bizə qarşı törətdikləri hərbi cinayətləri və terror aktlarını daim dünyaya çatdırmağa çalışmalıyıq. Çünki 1-ci və 2-ci Qarabağ müharibəsində erməni faşistlərinin törətdikləri hərbi cinayətlər, terror aktları zamanı biz beynəlxalq qurumlar, təşkilatlar tərəfindən ciddi bir reaksiya görmədik. Onlar yenə ağzına su alaraq yerində oturdular”.
N.Həmzəyev əlavə edib ki, dünya bu vəhşiliklərə sussa da dövlətimiz lazımi addımları atır, terrordan ziyan görmüş insanlara hər cür himayədarlıq edir:
“Gəncə terroru zamanı şəhid olmuş, evləri dağıdılmış ailələrin yeni mənzillərlə təmin edilməsi məsələsi dövlət tərəfindən ən prioritet sahələrdən biridir.
Bu istiqamətdə işlərin böyük əksəriyyəti görülübdür. 86 ailə artıq mənzillə təmin edilib, 37 ailə üçün həyət evlərinin tikintisi davam etdirilir. Bununla yanaşı 4000-nə yaxın ev və ticarət obyektinə ziyanlar dəymişdir ki, onun da 3700-ə yaxınında təmir və bərpa işləri yekunlaşıb.
Eyni zamanda bilirsiniz ki, İkinci Dünya Müharibəsindən sonra Polşa və digər dövlətlər Almaniyaya qarşı təzminat davası açıblar. Buna hüquqi əsaslar da var. Düşünürəm ki, Azərbaycan tərəfi də bunu mütləq etməlidir”.
Millət vəkili vurğulayıb ki, Vətən Müharibəsi ərəfəsində cənab Prezident İlham Əliyevin beynəlxalq jurnalist, agentlik, televiziyalara verdiyi 30-a qədər müsahibəni xüsusilə qeyd etməliyik:
“Bu, birbaşa olaraq həqiqətlərin dünyaya çatdırılmasında çox mühüm rol oynadı. Hətta cənab Prezidentin Rusiyanın dövlət kanalına verdiyi müsahibədən sonra, rus ictimaiyyəti də, bu savaşa qarşı əhalinin böyük bir qisminin yanaşmasının dəyişdiyini gördük. Bilirsiniz ki, Ermənistan mediası və onların havadarları bu savaşda erməniləri yenidən məzlum bir tərəf kimi təqdim etmək və Azərbaycana qarşı hansısa təzyiqlərin olunmasına nail olmaq istəyirdilər. Amma cənab Prezidentin həm rus, həm də digər xarici kanallara verdiyi müsahibə və açıqlamalar bütün erməni havadarlarını susdurdu . Bununla da cənab Prezident bir daha bütün dünyaya Azərbaycanın həm hərbi, həm də informasiya cəbhəsində düşmənə layiqli cavab verdiyini göstərirdi.
44 günlük Vətən Müharibəsinin gedişində gənclərimizin böyük əksəriyyəti döyüş meydanında düşmənə layiqli cavab verirdisə, digər gənclərimiz də informasiya müharibəsində aktiv və fəal iştirak edirdilər. Gəncə terroru zamanı Gəncə haştaqının “Twitter”də 1-ci yerdə olmasına buna nümunədir.
Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlara səfər etmələri, ermənilərin törətdikləri dağıntıları canlı-canlı dünya ictimaiyyətinə göstərmələri və bu cür səfərlərin mütəmadi olaraq keçirilməsi erməni vandalizimin dünyaya çatdırılmasında çox önəmli addımdır”.