Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib

Azərbaycan Gəncləri Günü ərəfəsində, fevralın 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu, qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti sıralarından seçilən döyüşdə və mənəvi-psixoloji hazırlıqda fərqlənən gənclər əvvəlcə Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin və paytaxtın Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun iştirakçısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təşkilatçılar adından toplantı iştirakçılarını və qonaqları salamlayaraq deyib: “2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu tarixi gün 25 il öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilib. Bu, Ulu Öndərimizin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir. Bütün Azərbaycan gəncləri kimi Azərbaycan Ordusunda xidmət edən gənclərimiz də ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoymuş xalqımızın böyük oğlu, əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə minnətdardır. Ulu Öndər bizim üçün tarixi keçmiş, şərəfli bu gün, həm də daha parlaq gələcək deməkdir. Heydər Əliyevin ideyaları hələ uzun müddət Azərbaycan xalqının və dövlətinin yoluna işıq salacaq. Xalqımız və Ordumuzun şəxsi heyəti Heydər Əliyevin zəngin ideyalarından güc alaraq dövlətimizin başçısı, dahi rəhbərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha da firavan gələcəyini quracaq.

Qeyd edilib ki ölkəmizdə gənclər siyasətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasətində yeni bir mərhələnin əsasını isə Prezident İlham Əliyev qoyub. Gənclərə qayğı bu gün ölkəmizdə milli dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib.

Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin yaratdığı böyük ruh yüksəkliyi ilə toplantısında iştirak edən ordu gəncləri bir araya gələrək Müzəffər Ali Baş Komandanın uğurla apardığı daxili və xarici kursu bir daha dəstəkləyəcək, bu siyasətin icrasında daim dövlətimizin başçısının yanında olacaqlarını ölkə vətəndaşlarına və bütün dünyaya bəyan edəcəklər.

Polkovnik A.Qurbani ordu gənclərinin toplantısını idarə etmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant bölüyü komandiri, Vətən müharibəsi iştirakçısı, baş leytenant Məhəmməd Rəhimovu səhnəyə dəvət edərək estafeti rəmzi olaraq ona təqdim edib.

Göstərilən etimada görə minnətdarlıq edən baş leytenant M.Rəhimov ulu öndər Heydər Əliyevin vaxtilə gənclərə müraciətlə dediyi “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”, – fikirlərini xatırladıb.

Xalqımızın birliyi, həmrəyliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin igidliyi, şücaəti, dövlətimizin başçısının sərkərdə məharəti, Müzəffər Ali Baş Komandanın bu gün də yerində olan dəmir yumruğunun sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin rəmzi olan Zəfər bayrağı “Qələbə marşı”nın sədaları altında salona gətirilib.

Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün müdafiəsi, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş Türkiyədə rəsmi səfərdə olan Müdafiə nazirinin salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb.
General-polkovnik K.Vəliyev qeyd edib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb və bu siyasət hazırda Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirilib ki, Prezidentimiz gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, habelə gənclər təşkilatlarının formalaşması və inkişafına böyük diqqət yetirir.

“Gənclərin hərbi xidmətə hazırlanması, onların milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Məhz Vətən sevgisi Azərbaycan gənclərini torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərə qatılmağa sövq etdi”, – deyə Baş Qərargah rəisi bildirib.

O, vurğulayıb ki, gənclərimiz Azərbaycan Ordusunda xidmət keçməkdən şərəf duyur və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirir. “Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir. Səngər və döyüş mövqelərində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində ölkəmizin ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”.

Hərbi Hava Qüvvələrində xidmət edən gənclərin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, batareya komandirinin müavini kapitan Urxan Muxtarov, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursant bölüyü komandirinin şəxsi heyətlə iş üzrə müavini, Vətən müharibəsi iştirakçısı, kapitan Mehrab Əmirov, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Vətən müharibəsi iştirakçısı, baş leytenant Yusif Yusifzadə, Naxçıvan Muxtar Respublikasının keşiyində mərdliklə dayanan Əlahiddə Ümumqoşun Ordunun nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı tabor komandirinin müavini kapitan Şahin Zeynalov, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ürək-damar cərrahiyyəsi bölməsinin rəisi, Vətən müharibəsi iştirakçısı, tibb xidməti kapitanı Cavid İbrahimov, Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum Dəstəsinin dəniz xüsusi təyinatlı qrupunun komandiri, Vətən müharibəsinin 42-ci günündə yaralanan, ailənin yeganə övladı, baş leytenant Ruslan Abayev, doğumunun 15-ci günündə ana qucağında Zəngilandan məcburi köçkün düşən və Vətən müharibəsi döyüşlərində tank komandiri kimi fəal iştirak edərək igidliklər göstərən kapitan Bəhram Bəhramlı və başqaları çıxış edərək 2 fevral – Azərbaycan Gəncləri Gününü uğur və nailiyyətlərlə qarşıladıqlarından danışıblar və bundan sonra da Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Vətən müharibəsində komandiri olduğu motoatıcı taborun şəxsi heyəti ilə mədəniyyət paytaxtımız Şuşaya qədər şanlı döyüş yolu keçən, Daşaltı kəndinin azad olunması uğrunda döyüşlərdə xüsusilə fərqlənən və şəhadəti ilə tarix yazan, adı tarixə yazılan Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Surxay Noçuyevin atası Əbdül müəllim alovlu çıxışı ilə toplantı iştirakçılarına qürurlu anlar yaşadıb.

Vətən müharibəsi iştirakçısı polkovnik Elvin Əzizov Azərbaycan Ordusu gənclərinin toplantısı iştirakçılarının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciətini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müraciətdə deyilir: “Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan!
Biz, Azərbaycan Ordusu gənclərinin toplantısı iştirakçıları Sizi salamlayır, Azərbaycan xalqı və dövləti naminə yorulmaz fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.
Müstəqil Azərbaycan Respublikasının iqtisadi, siyasi, mədəni və ordu quruculuğu sahəsində son 19 ildə qazandığı uğur və nailiyyətlərində, ölkəmizin nüfuzunun dünyada daha da artmasında Sizin gərgin əməyiniz durur. Biz ordu gəncləri də bunu görür və yüksək dəyərləndiririk. Siz hər bir azərbaycanlının Prezidenti olmaqla, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirirsiniz. Ümummilli Liderimizin banisi olduğu dövlət gənclər siyasətində möhtərəm Prezidentimizin yeni bir mərhələnin başlanğıcını qoyduğu və gənclər siyasətini dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevirdiyi biz ordu gənclərini də hədsiz sevindirir. Sizin rəhbərliyinizlə qəbul edilmiş Dövlət Proqramlarının, Azərbaycan gənclərinin inkişaf strategiyası və digər fərman və sərəncamların verdiyi imkanlardan Azərbaycan Ordusunun əsasını təşkil edən biz gənclər də bəhrələnirik. Ordumuzun qüdrətlənməsi, hərbi qulluqçuların xidmət şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərimizin müsbət həlli, döyüş ruhumuzu və qələbə əzmimizi daha da artırır. Şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə dünyanın heç bir ölkəsində rast gəlinməyən diqqət və qayğı məhz Azərbaycanda göstərilir.
Bütün bunlara görə Vətən əsgəri Sizə minnətdardır, möhtərəm cənab Prezident!
Müasir mütəşəkkil Ordumuzu yaratmaq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu Ordu isə Sizin ölkəni məharətlə idarə etmək, yüksək peşəkarlıq, sərkərdəlik məharətinizlə daha da güclənmiş, qüdrətlənmiş, istənilən döyüş əmrini, hücum əməliyyatı tapşırığını yerinə yetirməyə hər an hazır olan əsl güc strukturuna çevrilmiş və 44 günlük Vətən müharibəsində düşməni susduraraq dünyanı heyrətə gətirən möhtəşəm qələbəyə nail olmuşdur.

Biz Aprel zəfərini, Günnüt zəfərini, Tovuz zəfərini, eləcə də Vətən müharibəsində qazandığımız Böyük Zəfəri məhz Sizin rəhbərliyiniz, Ali Baş Komandanlığınız altında qazanmış və Azərbaycanın şanlı hərb tarixinə yeni parlaq səhifə yazmışıq.

2 fevral – Gənclər Günü münasibəti ilə hələ bir neçə il əvvəl Bakı Konqres Mərkəzində keçirilən respublika toplantısında Sizin tarixi nitqinizi biz Ordu gəncləri də diqqətlə izləmişik. O vaxt da Siz Azərbaycan əsgərinin xidmətlərini yüksək qiymətləndirərək, qeyd etdiniz ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır.

Cənab Müzəffər Ali Baş Komandan!

Biz Vətən müharibəsinin qanlı döyüş meydanlarında göstərdiyiniz etimadı canımızla, qanımızla doğrultduq. Bütün dünyaya göstərdik ki, Azərbaycanın tarixi torpaqları uzun müddət düşmən tapdağında qala bilməz.

Azərbaycan əsgərinin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, peşəkarlığı, vətənpərvərlik hissi çox yüksəkdir. Biz bundan sonra da Sizin arzularınızı gerçəkləşdirəcək, rəhbərliyiniz altında bayrağımızı lazım olan zirvələrdə əzəmətlə dalğalandıracağıq. Ordu gəncləri Azərbaycan uğrunda hər bir əmrinizə hər an hazırdır, cənab Müzəffər Ali Baş Komandan!”
Sonda Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir daha Müdafiə Nazirliyinin rəhbərliyi adından ordu gənclərinə xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Toplantı “Ordu gəncləri böyük qüvvədir” adlı ədəbi-bədii proqramla başa çatıb.

Teqlər: