Azərbaycan Ordusu gənclərinin forumu keçirildi – Video

Azərbaycan Ordusu gənclərinin forumu keçirildi – Video

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Horadiz şəhərində “Heydər Əliyev ideyalarına sadiqik!” devizi altında Azərbaycan Ordusu gənclərinin forumu keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forumda Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, digər hərbi strukturlardan seçilən ordu gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Rəsmi qonaqlar Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar.

Heydər Əliyev Mərkəzində keçirilən Ordu gəncləri forumu başlamazdan öncə ölkəmizdə gənclər siyasətinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan gənclərinə müraciəti səsləndirilib.

Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun iştirakçısı Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 27 il öncə dahi liderimizin iştirakı ilə keçirilən və iki gün davam edən həmin forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və bugünkü foruma moderatrlıq edəcək ordu gənclərinin nümayəndəsi, Hərbi Dəniz Qüvələrinin zabiti ədliyyə baş leytenantı Rüstəm Əliyevi tribunaya dəvət edərək estafeti gəncliyin nümayəndəsinə verib.

Yaşlı nəsildən estafeti qəbul edən gənc zabit Ordu gənclərinin göstərilən etimadı doğruldacaqlarına və bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verərək deyib: “Bu gün hər bir Azərbaycan gənci, eləcə də ordu gəncləri üçün əlamətdardır. Biz Ulu Öndərimizin təsis etdiyi “2 fevral – Azərbaycan Gəncləri Günü”nü üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı böyük qələbə əhval-ruhiyyəsi, döyüş və mənəvi-psixoloji hazırlıqda, təhsildə və təlimlərdə əldə etdiyimiz uğur və nailiyyətlərlə qarşılayırıq. Ölkə rəhbərliyi və xalqımız əmin ola bilərlər ki, qalibiyyət bayrağımız etibarlı əllərdədir. Azərbaycan gəncliyi, o cümlədən böyük qüvvə olan Ordu gəncləri Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün keşiyində məğrur dayanıb və Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır”.

Forumun proqramı və reqlamet elan edildikdən sonra fəxri qarovul hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında Şuşaya sancılan Zəfər bayrağını salona gətirib.

Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev forum iştirakçılarını rayon sakinləri adından salamlayaraq deyib: “Azərbaycan Ordusu gənclərinin forumu üçün məkan olaraq Horadiz şəhərinin seçilməsi heç də təsadüfi deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, Ulu Öndər Heydər Əliyevin siyasətini görürük”. Çox da uzaq olmayan tariximizə nəzər salsaq, görəcəyik ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən, Horadiz qəsəbəsi Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdə məharəti, döyüş bölgəsinə gələrək burada güclü ruh yüksəkliyi yaratması nəticəsində erməni işğalından azad edilib”.
İcra başçısı qeyd edib ki, hər bir Füzuli rayon sakini, eləcə də, hər bir horadizli Ümummilli Lider Heydər Əliyevi, xalqımızın xilaskar oğlunu böyük ehtiramla yada salır və onu minnətdarlıqla xatırlayır.

Nəzərə çatdırılıb ki, Heydər Əliyevin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu əməliyyatda Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunələri göstərib. Üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış tank və digər zirehli texnikalar, artilleriya vasitələri ilə döyüş meydanına atılan igidlərdən neçəsi şəhid olsa da, əsgərlərimiz ruhdan düşməyib, döyüşçü yoldaşlarının intiqamını alaraq düşmənə tutarlı zərbələr vurublar.

1994-cü il yanvarın əvvəllərində artıq Horadiz də daxil olmaqla 22 yaşayış məntəqəsi azad edilib və yüz hektarlarla ərazi tam nəzarətə götürülüb.

İşğaldan azad edilən kəndlər yenidən qurulub, çadır şəhərciklərində, yataqxanalarda, vaqonlarda məskunlaşmış məcburi köçkünlər öz yurdlarına qayıdıblar. Ulu Öndərin diqqət və qayğısı ilə Horadiz qəsəbəsində quruculuq işlərinə start verilib.

Diqqətə çatıdırılıb ki, dünyaşöhrətli dahi lider Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra onun axıra çatdıra bilmədiyi arzuları, planları Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev həyata keçirib. Qısa zaman ərzində Horadiz günü-gündən çiçəklənən bir qəsəbəyə çevrilib. Füzuli rayon İcra Hakimiyyəti daxil olmaqla, rayonun əsas ifrastrukturu Horadiz qəsəbəsinə köçürülüb, yenidən qurulan qəsəbə rayonun mərkəzi kimi şöhrətlənib.

Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilib.

Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar və inkişaf etmiş şəhərləri ilə müqayisə edilə biləcək müasir şəhərə çevrilib.

Horadiz Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin şəhəridir. Horadiz Aprel döyüşləri zamanı Ordumuza dayaq olan, Azərbaycan əsgərlərini Lələtəpə uğrunda döyüşlərə uğurlayan və xalqımıza ilk qələbə sevincini yaşadan Aprel Zəfərinin qəhrəmanlarına, şəhidlərinə ilk qucaq açan şəhərdir. Vətən müharibəsində möhtəşəm Zəfərə gedən yollar da Horadizdən başlanıb.

Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov forum iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayıb və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki oxuyub.

Müdafiə nazirinin təbrikində deyilir:

“Hörmətli Forum iştirakçıları!

2 fevral – Azərbaycanda Gənclər Günüdür. Bu gün, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilib. Bu, Ulu Öndərin gənclərə və gəncliyə göstərdiyi diqqət və qayğının daha bir parlaq nümunəsidir.

Bütün Azərbaycan gəncləri kimi Azərbaycan Ordusunda xidmət edən gənclər də respublikamızda dövlət gənclər siyasətinin əsasını qoymuş, özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi ilə adını tariximizə əbədi həkk etdirmiş Ümummilli Lider Heydər Əliyevə minnətdardır.

Müasir Azərbaycan Ordusunun baş memarı Ulu Öndər Heydər Əliyevdirsə, bu Ordunun qalib, qüdrətli bir Orduya çevrilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.

Təbrikdə qeyd olunur ki, Ordumuzda döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını təmin edən vəzifələrdə xidmət edənlərin 70 faizindən çoxu gənclərdir. Böyük qüvvə olan ordu gəncləri peşəkardırlar, döyüş və mənəvi-psixoloji hazırlıqları, vətənpərvərlik hissləri çox yüksəkdir. Onlar Zəfər tariximiz olan İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq, şücaət nümunələri göstəriblər. Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, tarixi torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində fədakarlıq, rəşadət nümayiş etdirərək vəzifə borclarını ləyaqətlə və vicdanla yerinə yetiriblər.

Forum iştirakçılarını 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir daha təbrik edən müdafiə naziri əmin olduğunu bildirib ki, Ordu gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq bundan sonra da Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazır olacaq və qarşıya qoyulan bütün əmr, göstəriş və tapşırıqların uğurla yerinə yetirəcəklər.

Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Bayram Xəlilzadə, Raket və Artilleriya Qoşunlarının zabiti kapitan Novruzbəyov Əlibəy, Hərbi Hava Qüvvələrinin zabiti baş leytenant Rizvan Məmmədov, Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Qafqaz Hüseynzadə, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Rəvan Lalayev və başqaları xidmət etdikləri hərbi hissələrin uğurlarından, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə aldıqlarından, hərbi təhsil sahəsində aparılan islahatlardan böyük həvəslə söhbət açıb, bundan sonra da Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Oğlu Cahidlə birlikdə tribunaya qalxan şəhid Cavid Manafovun anası Natavan xanım forum iştirakçılarını şəhid anaları adından salamlayıb. Hər bir Vətən əsgərinin simasında ciyərparası igid Cavidin surətini gördüyünü deyib. Ananın “Oğul düşmən çəpəridir, Vətən uğrunda şəhid olanlar cismən bizi tərk edirlər, onlar ruhən yaşayırlar. Siz gənclər şəhid oğulların qisasını, intiqamını döyüş meydanlarında vuruşaraq aldınız. İnanıram ki, müharibə yollarında ömrü yarıyolda qırılan şəhid övladlarımızın yarımçıq ömürlərini də öz ömrünüzə qataraq yeni-yeni zəfərlər qazanacaq, biz anaları yenə də sevindirəcəksiniz” fikirləri Ordu gənclərinə duyğulu anlar yaşadıb. Salonda “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları yüksəlib.

Ordu gənclərinin yaxın dostu, “Əsgərə Xatirə kitabı” layihəsinin müəllifi Nuriyə Əliyeva forum iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək ordu ilə xalqın birliyindən, həmrəyliyindən danışıb. Ulu Öndər Heydər Əliyevə istinadən qeyd edib ki, Ordu ilə xalqın birliyi həm Ordunu, həm də xalqı güclü, qüdrətli edir. Qarşımızda duran əsas vəzifələrdən biri də Ordu ilə xalqın sağlam mənəvi birliyini yaratmaqdır. Bu birlik isə bu gün daha yüksək səviyyədədir, daha möhkəmdir. 44 gün davam edən Vətən müharibəsində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, dəmir yumruğunun, Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətinin, cəsarətinin, eləcə də xalq-ordu birliyinin, həmrəyliyinin qələbəsidir.

Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə Azərbaycan Ordusu gənclərinin forumu iştirakçıları adından müraciəti nəzərə çatdırıb. Həmin müraciətdə deyilir:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Biz Azərbaycan Ordusu gənclərinin forum iştirakçıları Sizi salamlayır, Azərbaycan xalqı və dövləti naminə yorulmaz fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq. Müstəqil Azərbaycan Respublikasının iqtisadi, siyasi, mədəni və ordu quruculuğu sahəsində son 20 ildə qazandığı uğur və nailiyyətlərdə, ölkəmizin nüfuzunun dünyada daha da artmasında Sizin gərgin əməyiniz durur. Biz ordu gəncləri də bunu görür və yüksək dəyərləndiririk. Siz hər bir azərbaycanlının Prezidenti olmaqla, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirirsiniz… Sizin rəhbərliyinizlə qəbul edilmiş dövlət proqramlarının, Azərbaycan gənclərinin inkişaf strategiyası və digər fərman və sərəncamların verdiyi imkanlardan Azərbaycan Ordusunun əsasını təşkil edən biz gənclər də bəhrələnirik. Ordumuzun qüdrətlənməsi, hərbi qulluqçuların xidmət şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərimizin müsbət həlli döyüş ruhumuzu və qələbə əzmimizi artırır. Şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə dünyanın heç bir ölkəsində rast gəlinməyən diqqət və qayğı məhz Azərbaycanda göstərilir. Bütün bunlara görə Vətən əsgəri Sizə minnətdardır, Möhtərəm cənab Prezident!

Biz Aprel Zəfərini, Günnüt Zəfərini və İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Zəfəri məhz Sizin rəhbərliyiniz, Ali Baş Komandanlığınız altında qazanmış və Azərbaycanın şanlı hərb tarixinə yazmışıq.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tarixi nitqlərinizdən birində qeyd edirsiniz ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda həmişə canından keçməyə hazırdır.

Müzəffər Ali Baş Komandan əmin ola bilərsiniz ki, biz həqiqətən Vətən uğrunda, torpaq uğrunda canımızdan keçməyə həmişə hazırıq. Bir daha əmin ola bilərsiniz ki, Azərbaycan əsgəri 2023-cü il “Heydər Əliyev İli”ndə də sizin rəhbərliyini altında daha böyük uğurlara imza atacaqdır!..”

Forum iştirakçıları müraciəti ayaqüstə alqışlayaraq yekdilliklə qəbul ediblər.

Xidmətdə fərqlənən ordu gənclərinin və şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsində xidmətləri olan ictimaiyyət nümayəndələrinin bir qrupu Müdafiə Nazirliyinin hədiyyələri ilə mükafatlandırılıb.

Tədbirdə iştirak edən generallar ordu gənclərini təbrik edib, onlara arzu və tövsiyyələrini bildiriblər.

Forumun sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “İrəli Azərbaycan gəncliyi!” adlı bədii kompozisiya nümayiş etdirilib.

Forum başa çatdıqdan sonra Füzuli rayon İcra Hakimiyyətinin başçısı bir qrup Ordu gəncini qəbul edərək onlarla çay süfrəsi ətrafında səmimi söhbət edib, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə onları mükafatlandırıb.

Azərbaycan Ordusu gənclərinin forumu iştirakçıları Horadiz şəhərinin görməli yerləri ilə tanışlıqdan sonra xoş təəssüratlarla öz hərbi hissələrinə yola düşüblər.

Teqlər: