Azərbaycan Ordusu dekabrda hücuma keçəcəkdi – Sabiq baş nazir

Azərbaycan Ordusu dekabrda hücuma keçəcəkdi – Sabiq baş nazir

Gorus-Qafan yolu 2020-ci il dekabrın 18-də rəsmi olaraq Azərbaycan ərazisi kimi tanındı.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan çıxış edib.

Onun sözlərinə görə, müharibənin bitməsindən bir ay sonra yolun Azərbaycana təhvil verilməsi ilə bağlı sənəd imzalanıb:

“İrəvan bununla bağlı rəsmi protokolu təsdiqlədi və ərazini təslim etdi, çünki həmin vaxt Azərbaycan Ordusunun Gorus istiqamətində hücuma hazırlaşdığına dair informasiya var idi. Rusiya isə sözügedən yola nəzarət etmək üçün hazırlıq görürdü. Lakin Azərbaycan yolu öz ərazisinin tərkib hissəsi kimi rəsmi sənədlə təsdiqlədi. 2021-ci ildə isə oranı bağladı. İrəvana şərt qoyulmuşdu ki, Naxçıvana maneəsiz gediş-gəliş üçün şərait yaradılacağı zaman bu yol da açılacaq. Beləliklə Moskvanı da istəyindən məhrum etdilər”.

“Maraqlıdır ki, o zamankı Prezident Armen Sərkisyan və deputat Armen Tatoyan sənəd imzalandıqdan sonra hələ bağlanmamış Gorus-Qafan yoluna getmişdilər. Lakin oranın təhvil verildiyini açıqlamadılar”, – Baqratyan bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan 2021-ci ildən yola Azərbaycanın nəzarət etdiyini və bununla bağlı rəsmi sənəd imzalandığını açıqlayıb. Keçmiş XİN başçısının iddialarına görə, yola nəzarətin itirilməsi aylarla Ermənistan xalqından gizlədilib. Hətta bu gün də təhvil-təslimlə bağlı rəsmi sənəd Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilir.

Teqlər: