Azərbaycan onlarla əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycan onlarla əməkdaşlığa böyük əhəmiyyət verir

Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.

AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O, Azərbaycan ilə Türk dövlətləri arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib:

“Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilmiş 10-cu yubiley Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd etdi və bildirdi ki, hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanmışdır. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi münasibətlərində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.”

K.Qafarov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkələrin verdiyi töhfələrin səmimi dostluğun təzahürləri olduğunu qeyd edib:

“Möhtərəm dövlət başçımızın təqdim etdiyi açıqlamalarda diqqəti cəlb edən məqamlardan biri də Özbəkistan və Qazaxıstanın ölkəmizə etdikləri hədiyyələrin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Cənab Prezident İlham Əliyev öz çıxışında konkret rəqəmlər səsləndirərək bu məqsədlə artıq Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsaitin sərf olunduğunu və növbəti ildə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağını vurğuladı. Təbii ki, bu, çox böyük rəqəmlərdir. Eyni zamanda , görülən işlərin fonunda dostluq və qardaşlıq jesti olaraq Füzuli şəhərində Özbəkistan dövlətinin inşa etdirdiyi orta məktəb və Qazaxıstanın hədiyyəsi olan yaradıcılıq mərkəzi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimiyyətindən xəbər verir. Bu münasibətlər isə əlbəttə ki, bütün Türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir”.

Teqlər: