İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının
illik fəaliyyət planına əsasən, üzv ölkələrin ombudsman
institutları üçün ilk təlim Azərbaycan Ombudsman Aparatı tərəfindən
keçirilib. “İnformasiya əldə etmək hüququnun müdafiəsi: Azərbaycan
Ombudsmanının təcrübəsi” mövzusuna həsr edilmiş onlayn tədbirdə
Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və
İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə
Zeynalova təlimçi qismində çıxış ediblər.
Təlim zamanı informasiya əldə etmək hüququnun yaxşı idarəetmənin
təminində rolu, milli qanunvericilikdə və beynəlxalq sənədlərdə
informasiya əldə etmək hüququnun təsbiti, bu hüququn həyata
keçirilməsinə nəzarət üzrə Azərbaycan Ombudsmanının mandatı və
təcrübədən nümunələr iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, bu təlimlər İƏT-ə üzv ölkələrin ombudsman
institutları arasında təcrübə mübadiləsi aparılması məqsədilə
təşkil edilir və bundan öncə də Ombudsman Aparatı tərəfindən
Azərbaycan Ombudsmanının mandatı və müharibə ilə əlaqədar
fəaliyyətinə həsr edilmiş təlim-seminar keçirilmişdi.