Mayın 20-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda olub.
Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, Baş nazir Əli Əsədov “Azərbaycan” pavilyonunda əsaslı bərpa və təmirdən sonra yaradılmış şəraitlə tanış olub.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin tarixi barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan” pavilyonu 2019-cu ilin noyabrında yenidən açılıb. Pavilyonun açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, milli-memarlıq üslubu saxlanılmaqla həyata keçirilib.
Hazırda burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlar sərgilənir. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir.