Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu – Soçi görüşünün TƏHLİLİ

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşdən sonra ölkə rəhbərləri mətbuata bəyanatla çıxış etdilər. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail olur.

“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev AzerTimes-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti üçtərəfli razılaşmaların tam icrasında maksimum ardıcıl və məsuliyyətli olduğunu Soçidə bir daha göstərdi. Müharibədən sonrakı bir il ərzində Ermənistandan fərqli olaraq Azərbaycan Prezidenti sülh yönəlik görüşlərin baş tutmasına həmişə konstruktiv yanaşması ilə fərqlənib.

“Soçi görüşünün əlamətdar xüsusiyyətlərindən biri Rusiyanın səylərinin İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsidir. Prezident Əliyev Üçtərəfli görüşün baş tutmasına və Rusiyanın roluna səmimi qiymət verməklə Ermənistan rəhbərinin pozuculuq niyyətilə ən müxtəlif formatlara meylləndiyini və Soçi müzakirələrinə tam etimadla yanaşmadığını
bir daha ortaya qoydu”, – deyə ekspert qeyd edib

A.Quliyev bildirib ki, Prezidentin Soçidə regional sülh və inkişaf üçün əhəmiyyətli çağırışları sırasında 30 illik gərgin münasibətlərdən hələ tam çıxa bilməmiş iki ölkənin bir- birinin sərhədlərini və süverenliyini tanımasının vacibliyi xüsusi yer tutur.

“Xüsusən Rusiya Prezidentinin nəqliyyat kommunikasiyalarının açılmasını vurğulaması və Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəkləndiyinin bariz göstəricisidir”, – deyə ekspert əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verib. İki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır.

“Hazırda iki ölkə iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ilə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük marağı var. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi uğurla icra olunur. Rusiya və Azərbaycan arasında əlaqələrin inkişaf dinmikası görüşdən sonra imzalanan bəyanatda da öz təsirini göstərir”, – deyə deputat qeyd edib.

C.Məmmədov bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsi 10 Noyabr bəyanatından irəli gələn müddəaların icra olunmasında, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapmasına öz töhfəsini vermiş oldu.

“Sənədə diqqət çəkən vacib məqamlardan biri də, sözsüz ki, Erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması oldu. Növbəti dəfə Azərbaycan Prezidentinin mövqeyi Rusiya tərəfindən də dəstəkləndi”, – deyə C.Məmmədov əlavə edib.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Teqlər: