Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Türkiyədə səfərdə olub (FOTO)

Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti notariat fəaliyyətinin aktual sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədi ilə 24-26 avqust 2021-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdə olmuşdur.

Nümayəndə heyəti tərəfindən Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərə kompleksi və Ankara şəhərində xalqımızın Ulu Öndəri Heydər Əliyevin adını daşıyan park və onun abidəsi ziyarət edilməklə türk dünyası tarixində böyük izlər qoymuş hər iki liderin əziz xatirələri ehtiramla yad edilmişdir.

Daha sonra Türkiyə Notariuslar Birliyində ikitərəfli görüş formatında təcrübə mübadiləsi keçirilmişdir. Ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Türkiyə Notariuslar Birliyinin sədri Dursun Cin bütün sahələrdə olduğu kimi ölkələrimizin notariat orqanları arasında da əməkdaşlığın yüksək səviyyəyə çıxacağına əmin olduğunu bildirmişdir.

Notariat Palatasının sədri Hüseyn Məmmədov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına təşəkkürünü bildirmiş, xalqlarımızın ümumi tarixə, milli köklərə söykənən münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə siyasi, iqtisadi, mədəni, o cümlədən hüquq sahələrində sıx əməkdaşlıq formatında müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirmişdir. Palatanın sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə gerçəkləşən layihələrin və bütün sahələrdə qarşılıqlı dəstəyin göstərilməsinin ölkələrimizi daha da yaxınlaşdırdığını vurğulamışdır.

Görüş zamanı notariat fəaliyyəti üçün aktual əhəmiyyət kəsb edən məsələlər – notarial sənədlərin qarşılıqlı yoxlanılması imkanları, elektron reyestrlərin aparılması qaydası, qarşılıqlı Saziş çərçivəsində sadələşdirilmiş qaydada ölkədaxili şəxsiyyət vəsiqələri (kimliklər) ilə notariat hərəkətlərinin rəsmiləşdiriməsinin mümkünlüyü, nəqliyyat vasitələlərinin özgəninkiləşdirilməsi təcrübəsi, vərəsəlik işlərilə bağlı hüquqların rəsmiləşdirilməsi, notariatın rəqəmsal imkanları və notariat sahəsində digər birgə maraq doğuran məsələlərdə geniş təcrübə və fikir mübadiləsi aparılmışdır.


Görüşdə Azərbaycan Respublikasında elektron notariat platformasında istifadə olunan “Mobil notariat” mobil tətbiqinin təqdimatını aparılmış və bu tətbiq vasitəsilə həyata keçirilən notariat hərəkətləri barədə ətraflı məlumat verilmişdir. Təqdimat görüş iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Tərəflər işgüzar səfərin ölkələrimizin notariat sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın notariat işinin səmərəliliyinin artırılması üçün bir zərurət olduğunu vurğulamışlar.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Türkiyənin Ankara şəhərində yerləşən notariat ofislərinin fəaliyyəti ilə də tanış olmuşlar.

Səfərdə nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi (Elektron notariatın inkişafı üzrə işçi qrupun üzvü) Zaur Həsənov, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Hicran Hacıyeva, Bakı şəhəri 29 saylı notariat ofisinin notarius İslam Mirzəzadə və Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurban iştirak ediblər.

Teqlər: