Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Özbəkistana səfər edib

28-31 avqust 2021-ci il tarixlərində Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi və əməkdaşlıq aparılması məqsədilə Özbəkistan Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində Özbəkistan Notariat Palatasında, Özbəkistan Respublikası Ədliyyə Nazirliyində, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərində və Özbəkistan Dövlət Xidmətləri Agentliyinin Daşkənd şəhərində yerləşən müvafiq mərkəzində faydalı görüşlər həyata keçirilib.

İşgüzar səfər çərçivəsində Azərbaycan Notariat Palatası və Özbəkistan Notariat Palatası arasında notariat fəaliyyəti üçün qarşılıqlı maraq doğuran məsələlər – notarial sənədlərin qarşılıqlı yoxlanılmasının mümkünlüyü, elektron reyestrlərin aparılması qaydası, nəqliyyat vasitələlərinin özgəninkiləşdirilməsi təcrübəsi, notariatın rəqəmsal imkanları və notariat sahəsində digər qarşılıqlı maraq doğuran məsələlərdə təcrübə mübadiləsi və müzakirələr aparılıb.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Özbəkistan Ədliyyə Nazirliyində “Özbəkistan notariuslarının fəaliyyətində informasiya texnologiyalarından istifadə təcrübəsi və onun inkişafı” mövzusunda təqdimat mərasimində iştirak edib.

Özbəkistan Respublikasının Ədliyyə Nazirliyində həmçinin, Azərbaycan Respublikasında istifadəyə verilmiş “Mobil notariat” tətbiqinin təqdimatı aparılmış və bu tətbiq vasitəsilə həyata keçirilən notariat hərəkətləri barədə ətraflı məlumat verilmişdir. Təqdimat, görüş iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Səfər çərçivəsində Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Özbəkistan Ədliyyə nazirinin müavini Əkbər Taşkulov tərəfindən qəbul edilmişdir. Cənab Ə.Taşkulov görüşdə Azərbaycan Notariat Palatası və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariat sahəsinin inkişafı istiqamətində görülən işləri və bu sahənin rəqəmsallaşdırılması səviyyəsini yüksək qiymətləndirmişdir. Özbəkistan Ədliyyə nazirinin müavini Əkbər Taşkulov bildirmişdir ki, Özbəkistanda da yaxın vaxtlarda avtomobillərə verilən etibarnamələr elektron formada həyata keçiriləcək.

İşgüzar səfər zamanı Azərbaycan Notariat Palatası ilə Özbəkistan Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Tərəflər, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkədə notariat fəaliyyətinin daha da səmərəli inkişafı etdirilməsinə öz müsbət töhvəsini verəcəyini ifadə etmişlər.

Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi (“Elektron notariatın inkişafı” üzrə işçi qrupunun üzvü) Zaur Həsənov, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əmirəli Əmirəliyev və Qusar rayon notariat ofisinin notariusu Dəyanət Tağıyev iştirak etmişlər.

Teqlər: