Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)

27 noyabr 2021-ci il tarixdə Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib.

Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurası – notariat fəaliyyətinin elmi-metodiki baxımdan tənzimlənməsinin səmərəliliyinin artırılmasına yardım etmək məqsədilə Palatanın tərkibində yaradılmış məşvərətçi qurumdur.

Elmi-Metodiki Şuranın fəaliyyət istiqamətlərinə – notariat fəaliyyətini, həmçinin beynəlxalq notariat təcrübəsini öyrənmək və təhlil etmək; notariat fəaliyyəti ilə bağlı mövzularda elmi araşdırmalar aparmaq; notariat hərəkətlərinin aparılması təcrübəsinin ümumiləşdirilməsində iştirak etmək; notariat fəaliyyəti və hüququn tətbiqi məsələlərinə dair hüquqi ekspertizalar keçirmək və ekspert rəyləri hazırlanılmasında iştirak etmək; notariat fəaliyyətini tənzimləyən qanunvericiliyə dair təkliflər hazırlamaq və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün digər zəruri işləri görmək daxildir.

Şuranın tərkibi Notariat Palatasının rəhbərliyi və notariusların təmsilçilərindən, Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin notariat fəaliyyəti üzrə metodiki tövsiyyələrin hazırlanmasında iştirak edən təmsilçilərindən, Ali Məhkəmənin hakimlərindən, Bakı Dövlət Universiteti və Ədliyyə Akademiyasının mülki hüquq üzrə ixtisaslaşmış müəllimlərindən ibarət tərkibdə formalaşdırılmışdır.


İclasda Azərbaycan Notariat Palatasının İdarə heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Hüseyn Məmmədov, Notariat Palatasının İdarə heyətinin sədr müavini, Bakı şəhəri 1 saylı notariat ofisinin notariusu Famil Sabitov, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu Kənan Rəhmanov, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçiləri Mirağa Abbasov və Vidadı Mayıl, Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının müəllimi, dosent, Ədliyyə Akademiyasının müəllimi Şükür Yusifov, Ali Məhkəmənin hakimləri İlqar Xələfov və Abiddin Hüseynov, Notariat Palatasının hüquq məsləhətçisi Qorqud Abdinli iştirak etmişlər. Elmi-Metodiki Şuranın sədri vəzifəsinə Hüseyn Məmmədov, sədr müavini vəzifəsinə Kənan Rəhmanov, Şuranın katibi vəzifəsinə isə, Qorqud Abdinli seçilmişdir.

Elmi-Metodiki Şuranın iclasında Şuranın Əsasnaməsinə təkliflər dinlənilmiş; son dövrdə hüquq nəzəriyyəsi üzrə aktual əhəmiyyət kəsb edən “Rəqəmsal hüquqlar” mövzusu və mülki qanunvericilikdə rəqəmsal hüquqların anlayışı, tətbiq dairəsi və mülki-hüquq münasibətlərində tənzimlənməsi məsələsi müzakirə edilmiş, bu istiqamətdə işlərə başlanılması üçün, ilkin olaraq, mövcud vəziyyətin təhlili, beynəlxalq qanunvericiliyin və təcrübənin öyrənilməsinin zəruriliyi qərara alınmış; notariat fəaliyyəti üzrə çıxarılan məhkəmə qərarlarının ümumiləşdirilməsinin və qərarların icrası zamanı yaranan sualların aydınlaşdırılmasının zəruriliyi bildirilmiş; həmçinin, notariat fəaliyyəti ilə bağlı məhkəmə işlərində aidiyyət məsələsi müzakirə edilmişdir.

Qarşıda duran məsələlər üzrə əlavə olaraq aydınlaşdırılması zəruri olan halların araşdırılması və qərara alınan məsələlərin yerinə yetirilməsi üçün müvafiq araşdırmaların və təhlillərin aparılması, mütəxəssislərin cəlb edilməsi də qərara alınıb.

Teqlər: