Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)

7 aprel 2021-ci il tarixdə Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Palatadan AzerTimes-a verilən məlumata görə, Bakı Dövlət Universitetində keçirilən görüşdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Universitetlə Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı əməli təcrübənin aşılanması, bu sahədə birgə layihə və tədbirlərin həyata keçirilməsi, notariat hüququ üzrə tədrisin həyata keçirilməsi və digər birgə maraq doğuran məsələlər barəsində danışıb.

Notariat Palatasının sədri Hüseyn Məmmədov ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edərək qeyd edib ki, son dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilmiş, notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sisteminin imkanlarının artırılması notariat hərəkətlərinin daha rahat və operativ aparılmasını şərtləndirmişdir. Respublikamızda xüsusi notariat institutunun tətbiqi genişləndirilmiş və notariat fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə notariusları vahid qurumda birləşdirən Azərbaycan Notariat Palatası yaradılmış və fəaliyyətə başlamışdır.


Palata sədri çıxışında Bakı Dövlət Universiteti ilə gələcək əməkdaşlığın – notariat fəaliyyəti ilə bağlı hüquq nəzəriyyəsinin və hüquqtətbiqetmə praktikasının təkmilləşdirilməsinin və notariat hüququnun tədrisinin optimallaşdırılmasının faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl və Bakı şəhər 11 saylı Notariat ofisinin notariusu İlqar Məmmədov da iştirak ediblər.

Teqlər: