Azərbaycan NATO ilə geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın beynəlxalq miqyasda sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri də Şimali Atlantika Müqaviləsi Təşkilatıdır (NATO). Ölkəmizin bu təşkilatla münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyevin 4 may 1994-cü il tarixində Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq (SNT) Sazişini imzalaması ilə qoyulub. Qeyd edim ki, ölkəmiz bu Sazişin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ümumiyyətlə Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda Avropaya və Avroatlantik strukturlara inteqrasiya xətti xüsusi yer tutur:“Eyni zamanda, ötən 27 ildə respublikamız Sülh Naminə Tərəfdaşlıq proqramı üzrə tərəfdaş dövlət statusunda NATO-nun beynəlxalq miqyasdakı fəaliyyətinə sanballı töhfələrini verib. 2002-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata cəlb olunub. Sonrakı mərhələdə bu kontingent artırılıb. Hazırda Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət göstərir. NATO həmçinin Azərbaycanın tranzit imkanlarından bəhrələnir.

Onu da qeyd edim ki, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəngində də bu məqama toxunulub. Söhbət zamanı ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdiyini bildirib. Öz növbəsində regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb. Bütün bunlar isə bir daha həm ölkəmizin beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin qorunmasındakı rolunu, həm də Birləşmiş Ştatların digər sahələr kimi bu istiqamətdə də Azərbaycanın fəaliyyətini xüsusi önəm verməsini təsdiqləyir”.

V.İskəndərov onu da əlavə edib ki, NATO ilə əməkdaşlıq eyni zamanda Azərbaycan Ordusunun peşəkarlığına da müsbət mənada təsir edib:

“Hazırda dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət göstərir. Bəlli olduğu kimi, üç onillik ərzində işğalçı Ermənistanla müharibə şəraitində yaşamaq məcburiyyətində qalan Azərbaycan özünün Silahlı Qüvvələrinin maddi-texniki təchizatının və kadr hazırlığının gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayıb. Azərbaycan Ordusu ötən il Vətən müharibəsində özünün gücünü, yüksək peşəkarlığını nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müharibədə Silahlı Qüvvələrimiz tərəfindən innovativ texnologiyalardan geniş istifadə olundu. Lakin bütün dünya bilməlidir ki, Azərbaycan öz Ordusunu gücləndirərkən heç də qonşularına qarşı güc tətbiq etmək məqsədi güdmür”.

Twitter: @ElchinMehdiyev

Teqlər: